Prezident İlham Əliyev özünün rəsmi “Facebook” səhifəsində paylaşım edib. Ölkə başçısı paylaşımında bir sıra məsələlərə toxunub.
Sözügedən paylaşımda dövlət başçısı bildirib ki, bir neçə ildən sonra nə edəcəyimizi proqnozlaşdıra bilərik: “5 il sonra biz yalnız özümüzün nə edəcəyimizi proqnozlaşdıra bilərik. Qarşıdan gələn 3 il ərzində biz əsas infrastruktur layihələrini – dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələrini başa çatdıracağıq və tikinti işlərinin fəal fazasında olacağıq.
Bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar olmalı, oraya qayıdacaq insanlar lazımi yaşayış şəraitilə təmin edilməlidir. Onlar maliyyə cəhətdən dövlətdən asılı olmamalıdırlar. Həmin vaxta qədər Zəngəzur dəhlizi istifadəyə veriləcək”.
Bütün bunlar onu göstərir ki, işğaldan azad edilən yaşayış məntəqələri tam bərpa ediləndən sonra maliyyə baxımından dövlətdən asılı olmayacaq. Bununla belə, ölkənin iqtisadi inkişafına töhvə verəcək.
“İşğaldan azad olunan bütün torpaqlarımız bu müddətdə beynəlxalq standartlara uyğun infrastruktur...”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramovun fikrincə, bütün bunlar onu göstərir ki, bərpa işləri ilə əlaqədar real addımlar atılır: “Böyük Qayıdışın nə zaman reallaşacağı torpaqlarımız işğaldan azad olunandan sonra daha çox səslənən suallardandır. Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, növbəti 3 il ərzində bütün əsas infrastruktur layihələri - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələri başa çatdırılacaq, tikinti işlərinin fəal fazasında olacağıq. Deməli, hazırda intensiv şəkildə aparılan infrastruktur işləri qarşıdan gələn 3 il ərzində tamamlanacaq. İşğaldan azad olunan bütün torpaqlarımız bu müddətdə beynəlxalq standartlara uyğun infrastruktur, o cümlədən, əsas kommunal xidmətlər şəbəkəsi ilə təmin olunacaq. Eyni zamanda, qurulacaq bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar hazırlanacaq. Artıq bu istiqamətdə də real addımlar atılmağa başlanıb. Gözlənir ki, həmin müddətdə Zəngəzur dəhlizi də istifadəyə hazır olacaq. Sözügedən dövrdə bu istiqamətdə Azərbaycandaxili bütün nəqliyyat və logistik infrastruktur tamamlanacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Ermənistan tərəfindən süni maneələr yaradılmadığı təqdirdə Mehri bölgəsindən keçən 40 kilometrlik yolun inşası da bundan çox vaxt apara bilməz. Beləliklə, 4 mərhələli Qayıdış Planının ilkin mərhələləri üçün “yol xəritəsi”nin detalları bəllidir. Bundan sonra isə məhz məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması reallaşacaq. Ərazilər bərpa olunandan sonra maliyyə cəhətdən mərkəzdən asılı olmayacaq. Çünki həmin ərazilərin potensial iqtisadi imkanları böyükdür”.
Millət vəkili hesab edir ki, bu potensialın iqtisadi dövriyyəyə cəlb olunması yeni imkanlar yaradacaq və ölkənin iqtisadi gücünü artıracaq.
Vidadi ORDAHALLI