Məlumdur ki, işğaldan azad edilmiş ərazilərin bərpası, bu yerlərdə abadlıq-quruculuq işlərinin görülməsi istiqamətində Azərbaycan dövləti tərəfindən genişmiqyaslı işlər görülür. Bərpa prosesində Azərbaycana dost ölkələr, bir sıra tanınmış beynəlxalq şirkətlər də yaxından iştirak edir. Azərbaycan azad edilmiş ərazilərin bərpasına start verdikdən sonra Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya, ABŞ və digərləri işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduğunu bildirib. Həmin ölkələr sırasında yer alan Türkiyə, İtaliya və Böyük Britaniyadan olan şirkətlərlə müvafiq müqavilələr imzalanıb və onlar artıq azad edilmiş ərazilərin bərpası istiqamətində zəruri işlər görür.
Bakının gedişləri İrəvanı qorxuya salıb
Real vəziyyətin təhlili göstərir ki, azad olunmuş ərazilərdə bərpa prosesində digər ölkələr də iştirak etməkdə maraqlıdır. Yaxın tezlikdə həmin ölkələrin sırasına Belarus şirkətlərinin də qoşulması gözlənilir. Xatırladaq ki, bu məsələ Azərbaycan və Belarus prezidentlərinin son görüşündə əsas müzakirə predmetlərindən biri olub. Rəsmi Bakı Belarusun azad edilmiş ərazilərdə bərpa prosesində iştirakı ilə yanaşı, bu ölkənin postmüharibə dövründə gələcəkdə Azərbaycan və Ermənistan arasında əlaqələrin nizamlanmasında mühüm rol oynaya biləcəyinə də böyük ümid bəsləyir. Bu məsələ belaruslu həmkarı ilə görüşü fonunda Prezident İlham Əliyevin mətbuata bəyanatında da öz əksini tapıb: “Əlbəttə, Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır. Təbii ki, biz onun təkcə işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirakına yox, həm də Ermənistanın tərəfdaşı, Ermənistanla bərabər Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, eləcə də Azərbaycanın yaxın dostu, dünyada nüfuzlu ölkə kimi fəal iştirakına ümid bəsləyirik. Əlbəttə, mən əminəm ki, o, gələcəkdə Ermənistanla Azərbaycan arasında əlaqələrin nizamlanmasında mühüm rol oynaya bilər”. Azərbaycan Prezidenti tərəfindən səsləndirilən bu fikirlər Ermənistanda böyük ajiotaj yaradıb. Ermənistan mediası yazır ki, Azərbaycan Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində də Ermənistan üzərində üstünlüyünü bundan sonra tam təmin edəcək. Ermənistanda ciddi narahatlıq predmetinə çevrilən əsas məqamlardan biri də budur ki, Azərbaycan istədiyi təqdirdə Özbəkistan, Moldova, Kuba kimi Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu almaq imkanına malikdir. Ermənistan isə bunu əngəlləmək iqtidarında deyil. Rusiya mediasında yayılan məlumatlar da Ermənistanın narahatlığının əbəs olmadığını göstərir. Rusiya KİV-ində də son vaxtlar Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulacağı barədə yazılar artıb. Rus mediası qeyd edir ki, ilkin mərhələdə Azərbaycanın quruma qoşulması təşkilat yanında müşahidəçi statusundan ibarət ola bilər. Məlumatlara əsasən, aprelin 29-30-da qurumun Kazanda keçiriləcək Hökumətlərarası Şurasının toplantısında məsələyə baxılacaq.
Ekspertlər qeyd edir ki, Avrasiya İqtisadi Birliyi ilə Azərbaycan arasında qurulacaq yeni münasibətlər ölkəmizin iqtisadi cəhətdən daha da güclənməsinə əlavə təkan olacaq və bu da Ermənistanı narahat edən əsas məqamlardandır. Azərbaycan və Avrasiya İqtisadi Birliyi arasında əməkdaşlıq formatının yaradılması bu qurumun aparıcı üzvləri, o cümlədən Rusiya üçün də olduqca mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, aparıcı Rusiya media orqanları Azərbaycanın sözügedən təşkilatla əməkdaşlığına Belarus prezidentinin ölkəmizə səfərindən sonra xüsusi diqqət yetirir. Baş verənlər Ermənistanda yaxından izlənilir və Azərbaycanın Avrasiya İqtisadi Birliyi platformasında qazanacağı növbəti mühüm uğur kimi təqdim edilir. Eyni zamanda bu, Bakının yeni nailiyyəti, İrəvanın isə daha bir məğlubiyyyəti qismində qəbul olunur. Ermənistanda belə hesab edilir ki, Azərbaycan azad etdiyi ərazilərin bərpası prosesində Avrasiya İqtisadi Birliyinin potensialından istifadə edəcək. Belarus, eləcə də Avrasiya İqtisadi Birliyinin türkdilli ölkələrinin bərpa prosesində iştirak niyyətləri də Ermənistanda bir çox dairələr tərəfində faciə kimi qarşılanır.
Azərbaycana görə Ermənistan Avrasiya İqtisadi Birliyindən qovula bilər...
Ekspertlər səviyyəsində belə bir məqama da diqqət yetirilir ki, Azərbaycan istədiyi halda Ermənistan onun Avrasiya İqtisadi Birliyinə qoşulmasına qətiyyən maneə yarada bilməz. Hətta iş o yerə çata bilər ki, Azərbaycana görə Ermənistan Avrasiya İqtisadi Birliyindən qovula bilər. Təbii ki, Azərbaycanın qurumla işbirliyinə maneə yaratmağa cəhd edərsə. Tanınmış rusiyalı iqtisadçı Aleksandr Razuvayev də bunu mümkün hesab edir. Ekspert bildirir ki, Azərbaycan və Tacikistan Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasında iştirak etməyə dəvət olunub: “Bu mötəbər tədbir 29-30 aprel tarixində Kazanda keçiriləcək. Azərbaycanı dəvət etmək təklifi Qazaxıstandan gəlib. İndi Avrasiya İqtisadi Birliyi ölkələri bu imkanı müzakirə edir. Lakin bir problem var. Bu iki ölkənin bu təşkilatın işində iştirak etməsi üçün nümayəndə heyətinin üzvü olan bütün dövlətlərin razılığı tələb olunur. Azərbaycanla bağlı məsələdə əsas maneə isə İrəvandır. Amma İrəvanın narazılığı indi heç də prinsipial əhəmiyyət daşımır”. Onun sözlərinə görə, hazırda Avrasiya İqtisadi Birliyində əsas iştirakçılar olan Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya ilə yanaşı, müşahidəçi ölkələr də var: Moldova, Özbəkistan, Kuba: “Avrasiya inteqrasiyasının təşəbbüskarı Rusiya deyil, Qazaxıstandır. Avrasiya milli pul vahidi də daxil olmaqla, ilk dəfə Avrasiya İqtisadi Birliyi haqqında 1994-cü ildə Moskva Dövlət Universitetində mühazirəsi zamanı Qazaxıstanın ilk prezidenti cənab Nazarbayev çıxış etmişdi. Yaxın vaxtlarda Avrasiya İqtisadi Birliyinə İran və Özbəkistan da qoşula bilər”. Ekspert bildirib ki, İran Avrasiya İqtisadi Birliyinə daxil olsa, Azərbaycanın iri logistika mərkəzi olmaq imkanı yaranacaq: “İndi isə ən maraqlı məqamı qeyd edək: Ermənistan və Azərbaycan iqtisadiyyatlarını müqayisə etmək və müvafiq olaraq Avrasiya İqtisadi Birliyi üçün onların faydalılığı haqqında danışmaq sadəcə gülüncdür. İş onda deyil ki, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından qat-qat böyükdür. Söhbət ondan gedir ki, İrəvan Avrasiya İqtisadi Birliyi üçün tormoz rolunu oynayırsa, Bakı bu təşkilatın generatoru ola bilər. Azərbaycanın iqtisadi üstünlüyündən savayı Minsk, Moskva və Astana ilə dostluq münasibətləri var. Rus, türk (Orta Asiya və Azərbaycan) və farslar daxil olduğu təqdirdə bu təşkilata Türkiyə də dəvət olunacaq. Unutmayaq ki, orta əsrlərdə Moskva Qızıl Ordanın bir hissəsi idi. Mənim fikrimcə, İrəvan bu inteqrasiyanın qarşısına çıxsa, Avrasiya İqtisadi Birliyində Ermənistanın bu təşkilata lazım olub-olmaması məsələsinə baxılacaq. Ermənistan zəif iqtisadiyyata, qeyri-müəyyən siyasi hakimiyyətə malik olan bir ölkədir. Rəngli inqilablar ölkələrə heç vaxt xoşbəxtlik gətirmir”.
Baş verənlər Ermənistanda revanşizm mövqeyindən çıxış edən qüvvələr üçün də ciddi zərbə hesab edilir. Belə qüvvələrin mövqeyinə görə, Azərbaycanla Avrasiya İqtisadi Birliyi arasında əməkdaşlıq Zəngəzur dəhlizinin açılmasını tezləşdirəcək. Ermənistanda revanşist, eləcə də istənilən digər qüvvənin bu prosesin qarşısını almaqda aciz olması da açıq şəkildə bəyan edilir. Bütün bunlar Azərbaycanın Vətən müharibəsindən sonra yaratdığı yeni reallıqların şərtlərini Ermənistanın da qəbul etmək məcburiyyətində olmasının daha bir təzahürü kimi qəbul olunur.
Azərbaycanla əməkdaşlıq olmadan Ermənistanın məhvi qaçılmazdır
Bu gün Avrasiya İqtisadi Birliyi Ermənistanla Azərbaycan arasında əlaqələrin nizamlanmasında əsas platformalardan birinə çevrilə bilər. Özü də Azərbaycanla münasibətlərin normallaşması Bakıdan daha çox İrəvanın özünə lazımdır. Çünki Azərbaycanla kommunikasiya əlaqələri qurulmadan Ermənistanın iflası qaçılmazdır. Bunu ABŞ-ın “Eurasia Review” nəşri də xüsusi olaraq vurğulayır. Nəşrin “İkinci Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi nəticələri” başlıqlı məqaləsində əsas diqqət Vətən müharibəsinin Ermənistan üçün yaratdığı iqtisadi problemlərə yönəlib. Qeyd edilir ki, müharibə nəticəsində Ermənistanın itirdiyi hərbi texnikanın dəyəri 3,8 milyard dollardan çoxdur və bu, işğalçı ölkənin son 10 ildəki ümumi hərbi xərclərinin 77 faizə qədərini təşkil edir. Bu, böyük maliyyə zərəri olmaqla yanaşı, Ermənistan ordusunun döyüş potensialını tamamilə itirməsi deməkdir. Diqqətə çatdırılır ki, müharibə nəticəsində Ermənistanda enerji, kənd təsərrüfatı və maliyyə sahələrində də ciddi problemlər yaranıb. Əvvəla, Ermənistan işğal altında olmuş ərazilərdəki 36 su elektrik stansiyasından 30-u üzərində nəzarəti itirib. Bu stansiyalar işğal altındakı ərazilərin enerji tələbatının 53 faizini, Ermənistanın enerji təchizatının isə 7 faizini təşkil edirdi. Ermənistan, enerji istehsalı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə 150 min ton müxtəlif taxıl məhsullarının yetişdirildiyi 90 min hektar əkin sahəsindən də məhrum olub. Bu sahələrdə istehsal edilən taxıl məhsulları Ermənistanın yerli tələbatının 25 faizini ödəyirdi. Bu itkilər nəticəsində Ermənistan enerji və ərzaq çatışmazlığı ilə üz-üzə qalıb. Müharibə, eyni zamanda, Ermənistanın maliyyə sektoruna da böyük təsir göstərib. Müharibə dövründə hərbi xərclərin artması nəticəsində Ermənistan büdcə xərclərini çoxaldıb (85 milyon dollar) və nəticədə 2020-ci ildə büdcə xərclərinin ÜDM-də payı 27 faizə, büdcə kəsrinin ümumi daxili məhsulda payı isə 7,6 faizə çatıb. Artan xərcləri qarşılamaq üçün Ermənistan xarici borc cəlb etməli olduğundan, dövlət borcu artaraq təhlükəli səviyyəyə - ÜDM-in 66,5 faizinə çatıb. Buna görə də hazırda Ermənistan 2021-ci ilin büdcə layihəsini icra etməkdə çətinlik çəkir. Bildirilir ki, müharibə Ermənistanda həm də makroiqtisadi göstəricilərin pisləşməsinə yol açıb. Belə ki, 2020-ci ilin yekunlarına görə, ÜDM 8,5 faiz azalıb və bu, regionda ən pis göstəricidir. Bundan başqa, müharibə başladıqdan sonra Ermənistanın milli valyutası 8,6 faiz ucuzlaşıb. Qeyd edilir ki, müharibənin Ermənistan üçün uzunmüddətli dövrdə ciddi mənfi iqtisadi nəticələri olacaq və onun maliyyə təhlükəsizliyini sarsıdacaq. Bundan qaçmağın yeganə yolu isə məhz Azərbaycanla əməkdaşlıqdan keçir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.