Dünyada iqlim dəyişikliklərinin geosiyasi nəticələrinin olacağı haqda verilən proqnozlar özünü doğruldur. Söhbət Arkitikada Rusiya, ABŞ və Çin arasında artan rəqabət, gərginləşən münasibətlərdən gedir. ABŞ dövlət katibi Entoni Blinken bu fonda bildirir ki, Rusiyanın artan rolu səbəbindən Arktikada yeni konflikt meydana gələ bilər: “İqlim dəyişikliyi yeni konflikt səhnəsi yarada bilər. Fevral ayında Rusiyanın qaz tankeri tarixdə ilk dəfə Arktik Şimal dənizi yolu ilə üzdü. Çox da uzaq olmayan bir zamanda bu marşrutla ildə yalnız bir neçə həftə getmək mümkün idi. Lakin Arktika dünya səviyyəsindən 2 dəfə sürətlə istiləşdiyindən, bu dövr çoxalır”.
Blinkenin sözlərinə görə, Rusiya bu iqlim dəyişikliyindən öz xeyrinə istifadə etməyə çalışır: “Rusiya Arktikada əraziləri nəzarətə götürmək və bazalarını modernləşdirmək, o cümlədən Alyaskadan 300 mil uzaqlıqda yenisini inşa etmək istəyir. Çin də, həmçinin, Arktikada öz təsirini artırır”. Mütəxəssislər də 1979-cu ildən indiyə qədər buz təbəqəsinin 40 faizi əriyən Arktika bölgəsində açılan yeni su yollarının dəniz daşımalarının sürətlə artmasına səbəb olduğunu qeyd edir. Proqnozlara görə, Arktika su yollarından istifadə ABŞ donanmasının nəzarəti altındakı su yollarının sıradan çıxmasına səbəb olacaq. Bu, həm də Arktika uğrunda yeni müharibəyə gətirib çıxara bilər. ABŞ-ın “Nəşnl İnterest” jurnalının yazarı Maykl Lyons da bildirir ki, Rusiya və Çinin Şimal qütbündə birgə hərəkət etməsinin mümkünlüyü ABŞ üçün “gecə kabusu”dur. Lyons bildirib ki, Arktika dünya güclərinin siyasətində açar rolunu oynasa da, amerikalı siyasətçilər, nədənsə, indiyə qədər buna diqqət etməyib: “İqlim dəyişikliyi regionda yeni iqtisadi fürsətlər yaradır və dünyanın ən böyük gücləri burada hakim olmaq niyyətlərini ifadə edir. ABŞ bu mənada rəqiblərindən çox geri qalır. ABŞ-ın sahil təhlükəsizliyində sadəcə 2 buzqıran gəmi olduğu halda, Rusiya ən azı 40 buzqırana sahibdir və 15 il ərzində bu rəqəm 53-ə qalxacaq”. Ekspert onu da əlavə edib ki, Çin 2 il əvvəl Arktika ilə maraqlandığını dünya ictimaiyyətinə çatdırıb: “Pekin artıq indidən Arktika Şurasında müşahidəçi statusu alıb və Rusiya ilə əməkdaşlıq edərək bu oyunda oyunçu olmaqda qətiyyətini göstərir”. Xatırladaq ki, regionun inkişaf istiqamətləri üzrə təkliflər hazırlayan və ətraf mühitin mühafizəsi proseslərini tənzimləyən ən yüksək beynəlxalq orqan Arktika Şurası hesab edilir. Şuranın daimi üzvləri Danimarka, İslandiya, Kanada, Norveç, Rusiya, ABŞ, İsveç və Finlandiyadır. Buzları əriyən Arktika, dəniz daşımaları ilə yanaşı, zəngin enerji resursuna görə də beynəlxalq diqqət mərkəzində yer alır. Bu, regiondan uzaq Çinin də diqqətini cəlb edir. Uzaq şimal siyasətini reallaşdırarkən Çin Arktika dövlətlərinin suveren hüquqlarına hörmət etdiyini bəyan edir. Pekin, eyni zamanda, Arktikanın beynəlxalq statusa malik olduğunu elan etməklə azad naviqasiya prinsiplərinin tətbiq edilməsini, Arktikada ayrıseçkilik olmadan balıqçılıq fəaliyyətini və regionun problemlərinin həllində dövlətlərin maneəsiz iştirakını da tələb edir. Regionda Çin maraqlarını daha da genişləndirmək məqsədilə 2018-ci ilin sonunda “Arktikada mövcudluğun artırılması konsepsiyası” hazırlanıb. Amma hazırda bölgədə əsas fəallıq ruslara məxsusdur.
ABŞ-ın “Breaking Defence” nəşri bu fonda yazır ki, rusların fəallaşmasına cavab olaraq, ABŞ Hərbi Dəniz Qüvvələri Arktikadakı Rusiya sahillərində müntəzəm olaraq patrul xidməti həyata keçirəcək. Bildirilib ki, Vaşinqton yaxın gələcəkdə Arktikada daha aqressiv davranmalıdır. Çünki bölgədə ruslarla yanaşı, Çinin də mövqeyi güclənməkdədir. Bunun cavabında bəlli olub ki, Rusiyanın şimal donanması hipersəs silahlarla təchiz ediləcək. Donanmanın komandanı Aleksandr Moiseyev quru və sahil qoşunlarına Arktikanın sərt şəraitinə uyğunlaşdırılmış 180-dən çox silah və hərbi təchizat təhvil veriləcəyini bildirib. Onun sözlərinə görə, silahların sınaqları davam edir və onlar ilin sonunda ordunun arsenalına təqdim olunacaq. Bu da şimal donanmasının döyüş qabiliyyətini artıracaq. Arktikanın Rusiyaya aid hissəsinin hava hücumundan müdafiə potensialı əhəmiyyətli dərəcədə çoxalacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirir ki, Arktikada mövcudluq Rusiyanın hərbi quruculuğunun vacib elementidir. Onun sözlərinə görə, ABŞ Arktikada mövcudluğundan imtina etmir, Rusiya da bu vacib regionu görməzdən gəlməməlidir. O, Arktika zonasının inkişafı üçün Rusiyanın geniş planlarının olduğunu bildirib. ABŞ-ın “Biznes İnsayder” qəzeti isə diqqəti ona yönəldir ki, Rusiyanın müasir və daim böyüyən hərbi dəniz donanması peyda olub və bu, Arktikada da ABŞ və NATO-nun hərbi qüvvələrinə unikal təhdiddir: “Məlumata görə, Rusiya Hərbi Dəniz Donanması öz fəaliyyətini Arktikada aktivləşdirib, Afrika və Yaxın Şərqdə mövcudluğunu artırıb. Üstəlik, rus donanması Avropa ətrafında yürüş edərək NATO-nu izləyir. Bu gün rus donanmasının tərkibində 360 gəmi var. Böyük kreyser və esminesləri müasir, daha kiçik ölçülü döyüş gəmiləri əvəzləyib”.
Beləliklə, Arktika zonasında yerləşən və bir sıra digər maraqlı dövlətlərin rəhbərliyi bu regionda iqtisadi və hərbi-siyasi maraqlarının qorunmasına dair planlarının həyata keçirilməsinə böyük diqqət yetirir. Onlar hərbi kontingentlərin mövcudluğunu və milli silahlı qüvvələrin olduqca aşağı temperaturda döyüşdə istifadəsi üçün imkanlarını artırmağa çalışır.
Ramil QULİYEV