Azərbaycan və Gürcüstan arasında mövcud əlaqələrin inkişafından bəzi qüvvələrin, xüsusən də ermənilərin ciddi narahat olduğu heç kimə sirr deyil. Məhz belə qüvvələr iki ölkənin münasibətlərində müəyyən problemlər yaratmağa xüsusi can atır. Lakin hər dəfə də iflasa uğrayırlar. Buna rəğmən, fəaliyyətlərinə də son vermirlər. Bunu Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) parlamentə təqdim etdiyi illik hesabatdan da görmək olar.
Hesabatda bildirilir ki, 2020-ci il bölgədə münaqişə zonasında proseslərin fonunda maraqlı qruplar Gürcüstanda etnik azlıqların sıx yaşadığı bölgələrdə fəallaşıb. Sənədə əsasən, həmin qruplar konkret bələdiyyələrdə azərbaycanlılar və ermənilər arasında gərginlik yaradaraq dinc mühitə zərər vurmağa çalışıblar: “Eyni zamanda, Gürcüstan-Azərbaycan və Gürcüstan-Ermənistan münasibətlərinə qəsdən zərər vurmaqla bağlı cəhdlər də olub. Destruktiv proseslərin asanlaşdırılması üçün Gürcüstanın cari hadisələrdə müxtəlif formada iştirak etməsi barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb”. Qeyd edilib ki, müxtəlif KİV və internetdən fəal istifadə olunmaqla aparılan dezinformasiya və təbliğatın əsas məqsədlərindən biri Gürcüstanı münaqişə tərəflərinin hər hansı birinin tərəfdarı kimi təqdim etmək olub: “Yaranmış vəziyyət fonunda DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə sıx təmaslar saxlayıb. Təhlükəsizliklə bağlı bütün məsələlər regionda baş verən proseslərin marağına uyğun həll olunub”. Qeyd edək ki, daha əvvəl də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin hesabatında analoji fikirlər yer alıb. Hesabatlardan belə bəlli olur ki, Azərbaycan və Gürcüstan arasında mövcud ikitərəfli münasibətlərə qəsdən zərər vurmaqla bağlı daimi olaraq birbaşa və ya dolayı müdaxilələr möcvuddur. Həmin qüvvələr Gürcüstanın Azərbaycanla və Türkiyə ilə münasibətlərində destabilizasiya yaratmağa çalışır. Çünki Qafqazda yaranmış effektli Azərbaycan-Gürcüstan-Türkiyə konfiqurasiyası əks güclərin ürəyincə deyil. Belə vəziyyətdə görünən budur ki, Azərbaycan və Gürcüstana qarşı məkrli plan dövriyyədədir və hədəf Bakı-Tiflis münasibətlərini pozmaqdır. Bundan ən çox zərər çəkən tərəf isə məhz Gürcüstan özü ola bilər. Bu mənada hesab edilir ki, Tiflis belə təxribatlara qarşı real və sərt addımlar atmalıdır. İndi hər iki tərəfdən fikirlər səslənir ki, iki qonşu dövlət arasında formalaşmış dostluq münasibətləri və strateji tərəfdaşlıq kimisə ciddi narahat edir. Ölkələri baş-başa toqquşdurmaq istəyən güclər var. Belə hesab edilir ki, antiazərbaycan əhvalını qızışdıran güclər Gürcüstanda fitnəkar qüvvələri və radikalları yönəldirlər. Onlar Gürcüstanda sabitliyi pozmaqda maraqlıdırlar ki, mərkəzi hökumət zəifləsin, Azərbaycanın simasında davamlı tərəfdaşların münasibətlərinə zərbə vurulsun. Yuxarıda qeyd olunduğu kimi, Qafqazda yaranmış Azərbaycan-Gürcüstan-Türkiyə konfiqurasiyası əks güclərin mövqeyinə uyğun deyil. Bu, kiminsə maraqlarını təhdid edir, burada söhbət sırf geoiqtisadiyyatdan və Avrasiya inteqrasiya layihəsindən gedir. Bu üç dövlət həm də Avropa inteqrasiyası yönündə olduqca uyğun şəkildə işləyir. Belə vəziyyətdə Gürcüstanı amansız, qarışdırıcı planlar üçün arena seçiblər ki, bu ölkədə daxili asayiş laxlasın və birlik pozulsun. Bu istiqamətdə fəaliyyət göstərən güclərin yeganə məqsədi Gürcüstanın marginal, radikal bölümünü Azərbaycana qarşı kökləmək, Azərbaycan, Türkiyə və Gürcüstanın, demək olar, otuz il boyunca yaratdığı əlverişli düzəni pozmaq üçün ölkələr arasına nifaq salmaq, sonra isə yeni siyasi oyunlar üçün özül qoymaqdır. Onlar bu vəziyyətdə transsərhəd problemlərindən istifadəyə xüsusi can atır. Xüsusən də Keşikçidağ məsələsində bu özünü qabarıq göstərir.
Faktdır ki, Azərbaycan daim transsərhəd hadisəsində tədbirlilik, təmkin göstərib. Hətta gürcü radikalların Azərbaycan sərhədçilərinə məlum münasibətində belə Azərbaycan təmkinli mövqe sərgiləyib. Amma Gürcüstan Azərbaycanla münasibətlərində təxribat yaratmaq istəyən qüvvələrə qarşı sərt davranmalıdır. Xüsusən də ermənilər və ermənipərəst qüvvələrin istənilən təxribatının qarşısı sərt şəkildə alınmalıdır. Azərbaycanın Gürcüstan üzərindən dünya bazarlarına çıxışı da əvvəlki kimi erməniləri ciddi narahat edir. Ermənistan hakimiyyəti daim Gürcüstanla nəqliyyat yollarından maksimum istifadə etməyə çalışır. Məsələ burasındadır ki, Rusiya Ermənistanla quru yolla ancaq Gürcüstan üzərindən əlaqə saxlaya bilər. Bu fonda İrəvan çox çalışır ki, Gürcüstan üzərindən Rusiya ilə əlaqəni davamlı şəkildə həyata keçirsin, hətta dəmir yolu açsın. Amma dəmir yolunu işə salmaq mümkün deyil. Gürcüstan dəmir yolunun işləməsinə razılıq versə, bu, tanınmayan və işğal altında olan Abxaziya ilə rəsmən əlaqənin qurulması mənasına gələcək. Gürcüstan müxalifəti də bu məsələdə daima hakimiyyəti tənqid edir və iqtidar bu tənqidlə hesablaşmaq məcburiyyətindədir. Elə bu səbəbdən Ermənistan məqsədinə nail olmaq üçün Gürcüstan iqtisadiyyatının zəifləməsinə çalışır. Bunun ən yaxşı yolu isə Gürcüstanın Azərbaycanla münasibətlərinə zərər vurmaqdır. Bu halda gürcü iqtisadiyyatı çox şey itirəcək. Amma indiki halda Ermənistanın Gürcüstan-Azərbaycan münasibətlərinə zərər vurmaq cəhdləri hələ də fiaskoya uğrayır.
Nahid SALAYEV