Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası Strasburqda hibrid formatda işə başlayacaq.
Koronavirus məhdudiyyətləri səbəbindən sessiya məhdud sayda parlamentarinin iştirakı ilə keçiriləcək. Azərbaycan Milli Məclisinin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli AŞPA-nın yaz sessiyasında iştirak üçün aprelin 17-də Strasburqa yola düşüblər. Yaz sessiyası aprelin 23-də başa çatacaq.
Məlumata görə, Azərbaycanda guya erməni hərbi əsirlərin saxlanması barədə məsələ Ermənistandan olan deputatların təklifi ilə AŞPA-nın yaz sessiyasının gündəliyinə daxil edilib. Azərbaycanı təmsil edən nümayəndə heyəti buna etiraz edib. AŞPA nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, bu cür debat mövzuları ilə qurumu səhv istiqamətə çəkmək istəyirlər: “Azərbaycan hər zaman sülh istəyib və artıq bunun üçün əlindən gələnin ən yaxşısını edir. Bu cür debat mövzuları sülh üçün maneələr yaradır. Bu cür mövzuların detallarını bilmədən müzakirəyə çıxarmaq cəhdləri məsələni daha da böyüdür, sülh üçün daha çox maneə yaradır”.
Erməni mediası yazır ki, AŞPA onların təklifini məmnuniyyətlə qəbul edib. Bu səbəbdən “əsirlər” məsələsinin aprelin 20-də müzakirə olunacağı gözlənir.
Görünən odur ki, AŞPA ermənilərin təsiri altına düşərək Azərbaycana qarşı müzakirələrə zəmin yaradır.
“AŞPA-nın diversantlar məsələsini süni şəkildə gündəliyə gətirmək səyləri...”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun sözlərinə görə, AŞPA-nın bu məsələyə şərait yaradacağı təhlükəsi var: “Ona görə də biz bütün səylərimizi artırmalıyıq. Çünki ötən həftə Avropa İttifaqı rəsmisi separatçılarla görüşdü. Bütün bunlar təsadüfi deyil. Qərb görür ki, Azərbaycan ATƏT-in Minsk Qrupunu daha qəbul etmir. Ona görə də bu kimi təzyiq vasitələri işə salınır. AŞPA-nın diversantlar məsələsini süni şəkildə gündəliyə gətirmək səyləri bundan irəli gəlir. Belə bir şəraitdə biz bütün səylərimizi artırmalıyıq. Azərbaycanı AŞPA-da təmsil edən nümayəndə heyəti son dərəcə adekvat və tutarlı mövqe ortaya qoymalıdır. Bu arada ermənilər diversantlar məsələsində bütün səylərini səfərbər ediblər. Hər vasitə ilə Azərbaycanın Avroittifaqla münasibətlərini korlamağa çalışırlar”.
Partiya sədri hesab edir ki, biz bu məsələyə son dərəcə həssas yanaşmalıyıq.
Vidadi ORDAHALLI