ABŞ Konqresinin aşağı palatasının - Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Jackie Speier Birləşmiş Ştatların Müdafiə Nazirliyini Azərbaycan və Ermənistanın təhlükəsizliyi üçün ayrılmış yardımlarda pariteti saxlamağa çağırıb.
Pentaqonun bu iki ölkə ilə bağlı yeritdiyi siyasətə etiraz edən xanım Jackie Speier Twitter hesabında belə yazıb: “Azərbaycan 200 erməni əsiri girov saxlayır, onlara dəhşətli işgəncələr verirlər. ABŞ bütün erməni əsirlərin azad edilıməsini tələb etməlidir. Şokedici şəkildə ABŞ Azərbaycana 100 milyon dollar yardım göndərir, Ermənistan isə 0 dollar verir. ABŞ Ermənistana və Azərbaycana yardım məsələsində pariteti saxlamalıdır!”
Erməni lobbisinin əhatə dairəsində olan xanım siyasətçi deyib: “Bu gün ABŞ Müdafiə Nazirliyinə bu iki ölkəyə yanaşmadakı bərabərsizliklə bağlı etiraz etdim. Cavab qaneedici deyildi. Zorakılıq və qeyri-sabitlik ABŞ-ın maraqlarına cavab vermir. Azərbaycanı hərtərəfli hücumuna görə mükafatlandıra və erməni xalqına qarşı daha çox şiddətə imkan verə bilmərik”.
Ermənipərəst siyasətçilərin ABŞ hökumətinə bu yöndə etdiyi təzyiq hansısa nəticəni verə bilərmi?
Politoloq Sahil İsgəndərov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ-dakı bəzi dairələrin bu cür davranışına təəccüblənmək lazım deyil: “Təəccüblü o olardı ki, bu tip konqresmenlər susqunluq nümayiş etirərdi. Biz belə müraciətləri çox görmüşük. Hətta 44 günlük müharibə və ondan sonrakı dönəmdə 50 konqresmen Azərbaycana hərbi yardımın dayandırılması ilə bağlı müraciət etdi. ABŞ konqresində ermənipərəst mövqe daima güclü olub. Azərbaycana qarşı olan bu təzyiqlər heç bir fayda verməyib. Biz şahidi oluruq ki, yeni administarsiyanın dönəmində də onların sözü keçmir. Bu həcmdə yardım elə-belə edilmir. Azərbaycan-ABŞ münasibətlərinin dərin kökləri var. Bizim ölkə ABŞ-ın antiterror koalisiyasında yaxından yer alır. Ermənipərəst konqresmenlər yeni administarsiyaya çox ümidlidirlər.
Bir vaxtlar Azərbaycanın əleyhinə qəbul olunmuş bədnam “907-ci Düzəliş”in müəllifləri məhz demokratlar olub. Bu da bir qədər onları həvəsləndirir. Bu cəhdlər səmərə verməyəcək. Çünki Azərbaycan, Ermənistandan fərqli olaraq, Cənubi Qafqazda kiminsə vassalı rolunu oynamır. Azərbaycanın müharibədəki qələbəsindən sonra regionda ciddi bir reallıq yaranır. Bu reallığı yaradan məhz Azərbaycandır. ABŞ bunun fərqindədir və istəyir ki, Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirsin. ABŞ eyni zamanda anlayır ki, Ermənistanda həyata keçirdiyi “narıncı” inqlab ssenarisi istənilən nəticəni vermədi”.
Politoloqun sözlərinə görə, ABŞ Azərbaycanın regiondakı rolunu dəyərləndirdiyi üçün bizimlə daha dərin əməkdaşlığa gedir: “Bu, şəxsiyyətlərə bağlı olan məsələ deyil. Rəsmi Vaşinqton bu məsələdə öz milli və dövləti maraqlarından çıxış edir”.
Məhəmmədəli QƏRİBLİ