Bir neçə gündür ki, mediada erməni girovluğundan azad edilən Dilqəm Əsgərovla Şahbaz Quliyevin lazımsız və utancverici deyişmələrini izləyirik. Vaxtilə bütün Azərbaycanın həsrətlə yollarını gözlədiyi bu iki keçmiş girov öz davranışları ilə hamını pərişan vəziyyətə salıblar. Bir-birinin ünvanına daha nələr demirlər?
Qarşılıqlı “epitetləri” yazıb onların səviyyəsini təkrarən nümayiş etdirmək istəmirik. İnsafən deyək ki, Azərbaycan dövləti bu iki girovun azad edilməsi üçün əlindən gələn nə vardısa hamısını artıqlaması ilə etdi. Keçmiş girovlar isə bunun əvəzini erməni mediasına manşet xəbəri verməklə çıxırlar. Bəli, onların dediyi hər bir məsuliyyətsiz fikir ermənilər üçün sanki göydəndüşmə olur. Ən maraqlısı isə vaxtilə onların alovlu müdafiəçisinə çevrilən şəxslərin, xüsusilə də millət vəkillərinin sərgilədiyi davranışdır. Vaxtilə Azərbaycan hakimiyyətini girovların müdafiəsini lazımınca təşkil etməməkdə günahlandıran və bu mövzunu özləri üçün tənqid mövzusuna çevirən şəxslər belə Dilqəmlə Şahbazın məsuliyyətsiz davranışına seyrçi qalır. Həmin alovlu müdafiəçilər niyə bu şəxsləri sükuta, əxlaqlı davranışa dəvət etmir?
Girovların müdafiəsi ilə aktiv məşğul olan, hətta onların müdafiə komitəsini belə yaradan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yaşanan mənzərə çox utancvericidir: “Bunlar əsirlikdən qayıtmış, hətta ola bilər ki, psixologiyası pozulmuş adamlardı. Dövlət qurumları onlarla bağlı məsələyə sərt müdaxilə etməlidir. Hesab edirəm ki, onlarla bağlı karantin müddəti uzadılmalıdır. Təkrarən onlarla bağlı müəyyən tədbirlər həyata keçirilməlidir. Hər birinə qəti şəkildə qadağa qoyulmalıdır ki, bu mövzuda bir də danışmasınlar. Hətta lazım gəlsə, hər birindən bu barədə iltizam da alınmalıdır. Onlar bir-birini erməni casusu olmaqda ittiham edirlərsə, mütləq barələrində tədbir görülməlidir. Onları ən qəti müdafiə edənlərdən olmuşuq. Ancaq o vaxt da deyirdim ki, həmin adamlar qəhrəmanlıq etməyib. Təbiidir ki, mənimlə razılaşmayanlar çox olurdu. Biz onları düşmənin əlində olduqları üçün müdafiə edirdik. Gələndən sonra da onlarla təmasımız olmayıb. Yalnız təsadüfən onunla rastlaşan bir tanış məni Dilqəmlə telefonda danışdırdı. Heç özləri belə gəlib bir təşəkkür etmədilər. Bir həftə onlarla bağlı aclıq aksiyası da keçirmişik. Bu yaxınlarda bizim qurumun Ali Məclisinin sədri Barat Abbasoğlu status yazaraq onları qarşılıqlı ittihamları kənara qoymağa çağırdı. Hesab edirəm ki, vaxtilə onların müdafiəsinə qoşulan hər bir millət vəkili, ictimaiyyət nümayəndəsi belə çağırış etməli, keçmiş girovların bu cür davranışını pisləməlidir”.
Akif Nağı belə müraciəti edə biləcək şəxslərdən bir neçəsinin adını da çəkdi: “Bizim toplantılarda əslən Kəlbəcərdən olan keçmiş millət vəkilləri Şahlar Əsgərov, Əlövsət Ağalarov iştirak edirdi. İndiki millət vəkillərindən Elman Nəsirov, Aqil Abbas iştirak edirdi. Düşünürəm, bu adamlar da hər iki şəxsə müraciət etməlidir ki, qarşılıqlı ittihamları kənara qoysunlar”.
Məhəmmədəli QƏRİBLİ