Şoyqu hələ noyabrda erməni minaları ilə bağlı BMT-yə xəbərdarlıq edib? - Rusiya mina məsələsində səmimidirsə...

img

BMT Rusiyanın Qarabağdakı minatəmizləmə işlərinə qatılmaq təklifinə cavab verməyib. Bunu cümə günü “Zvezda” telekanalının efirində nümayiş olunan filmdə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. O deyib: “Noyabrda bütün bunlar baş verən kimi biz BMT-nin mina əleyhinə mərkəzinə dedik ki, gəlin. Orada eninə və uzununa hər yer minalanıb. Axı insanlar oraya qayıda bilmir. Kimsə gəldi? Hələ ki, yox”.

İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi qarşıda duran olduqca vacib məsələdir. Azərbaycan tərəfi dəfələrlə məsələ qaldırıb ki,  bunun üçün ermənilər minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməlidirlər. Ermənistan bunu etmirsə, Şoyqunun bu istiqamətdə olan BMT narahatlığı nə dərəcədə səmimi görünə bilər?

“Yaxşı olardı ki, Şoyqu ilk növbədə bu problemi yaradan Ermənistanı tənqid edərdi...”

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ərazilərin minalardan təmizlənməsi olduqca vacib məsələdir: “Çünki bu olmadan, həmin ərazilərdə normal həyat qurula bilməz. Bunu bütün tərəflər yaxşı anlayır. Hazırda Azərbaycan öz gücünə həmin istiqmətdə işlər aparır. ANAMA və Milli Ordumuzun istehkamçıları bu işlə məşğuldur. Ancaq ərazinin həddən artıq böyük və çətin relyefli olması onların da işini ləngidir. Bu istiqamətdə qardaş Türkiyənin istehkamçıları da öz köməkliyini göstərir. Məsələnin ən optimal yolu Ermənistanın minalanmış ərazilərlə bağlı xəritəni Azərbaycana təqdim etməsindən keçir. Azərbaycanın təkidli tələblərinə baxmayaraq, Ermənistan bu təklifə biganə qalır. Hərbi nöqteyi-nəzərdən məlumdur ki, minalanma xüsusi sxemlə aparılır və onun xəritəsi baş qərargahda saxlanılır. Yaxşı olardı ki, Şoyqu ilk növbədə bu problemi yaradan Ermənistanı tənqid edib, onun sözündən çıxmaq cürətində olmayan Paşinyanın qarşısında bu tələbi konkret qoyardı. BMT-nin də bu istiqamətdə fəaliyyətinə ehtiyac var.

Xatırladaq ki, mart ayında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) arasında Dağlıq Qarabağ münaqişəsi zonasının minalardan təmizlənməsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

BMT-nin İnkişaf Proqramının böhran vəziyyətlər üçün nəzərdə tutulan büdcəsindən və BMT-nin Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondundan buna 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. Bu vəsaitlə BMTİP ANAMA-ya münaqişənin təsirlərinə məruz qalan ərazilərdə yaşayan yerli icmalar üçün ciddi risqlər yaradan minaları və partlamamış hərbi sursatları təmizləmək üçün təcili müdaxilə qruplarını təlimləndirmək, təchiz etmək və yerləşdirmək üçün dəstək verəcək. Göründüyü kimi, BMT bu məsələdə heç də Şoyqunun ifadə etdiyi kimi hərəkətsiz deyil”.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər