Fransız diplomatın Bakıdakı Hərbi Qənimətlər Parkından qıcıqlanmasının pərdəarxası mətləbləri var...

Tərlan Eyvazov: “Səfir bununla açıq göstərir ki, Azərbaycanın qələbəsini həzm edə bilməyən Fransa Azərbaycana qarşı məkrli, qərəzli siyasətini davam etdirməkdən əl çəkməyib”

img

Azərbaycanda Hərbi Qənimətlər Parkının açılması Ermənistanla yanaşı, ona böyük “bacı”lıq edən Fransanı da yerindən oynadıb.

Bildirək ki, parkda müharibədə həlak olan yüzlərlə erməni əsgərinin dəbilqələri və Ermənistan silahlı qüvvələri hərbçilərinin mum manikenləri nümayiş etdirilib.

Həmişə olduğu kimi, bu dəfə də Fransa ermənipərəst mövqe sərgiləyib və Fransanın Ermənistandakı səfiri Conatan Lakot Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı “müharibə tamaşa predmeti olmamalıdır” deyib.

Hərbi Qənimətlər Parkının açılmasından qıcıqlandığını açıq büruzə verməklə fransız diplomat, əslində, bununla öz ölkəsinin mahiyyətini ortaya qoyur.

Fransız diplomatın dedikləri 30 ildən sonra Azərbaycanın təcavüzkar Ermənistan üzərində qələbə çaldığını, torpaqlarını işğaldan azad etdiyini həzm edə bilməməsinin təzahürüdür.

Ekspertlər qeyd edirlər ki, Hərbi Qənimətlər Parkında nümayiş olunan bütün materiallar, düşməndən götürülən qənimətlər, habelə erməni əsgərlərinin dəbilqələri və mum maketləri Ermənistanın məğlubiyyətinin göstəricisidir. Parkın açılmasından sonra fransız diplomatın “humanizm sərgiləməsi” həqiqətən də qeyri-ciddi görsənir. Bunu o ölkənin səfiri deyir ki, həmin ölkə tarix boyu insanlığa, bəşəriyyətə divan tutub, qəsb etdiyi ölkələrin insanlarının kəllələrindən az qala “saray yapdırıb”.

Tanınmış hərbi ekspert Tərlan Eyvazov bizimlə söhbətində bildirdi ki, fransalı diplomatın bu açıqlamasının pərdəarxasında təmsil etdiyi ölkənin açıq-gizli mətləbləri dayanır.

“Əvvəlcə deyim ki, Hərbi Qənimətlər Parkının yaradılması və açılması çox mühüm hadisədir. Ümumiyyətlə, Fransa səfirinin bizə “irad” bildirməyə cəhd etməsi özü gülünc məsələdir. “Müharibə tamaşa predmeti olmamalıdır” deyən diplomat unudur ki, illər əvvələ qədər onun özünün ölkəsində öldürülmüş ərəblərin kəlləsinin nümayişi keçirilirdi və sonra insanların kütləvi narazılığından, təpkisindən sonra o kəllələri sərgilərdən yığışdırdılar. Bildiyiniz kimi, Fransa hərbi təcavüz nəticəsində Yaxın Şərqdə, Ərəbistan və Afrikada milyonlarla insanı qətlə yetirib. Bu faktlar var.

Biz Vətən savaşında da Fransanın Ermənistana açıq dəstəyini gördük. Biz öz halal torpağımızı işğaldan azad etmək uğrunda mücadilə verəndə, döyüşəndə Fransa Senatı bizi müharibəni dayandırmağa və Füzuli, Agdam, Cəbrayıl kimi ermənilərin heç zaman yaşamadığı ərazilərdən geri çəkilməyə çağırırdı. Bütün dünya görürdü ki, bu yerlərdə insanlar yaşamır, yalnız erməni hərbçiləri burada keçilməz sədlər qurublar. Həmişə terrorizmi, erməni separatizmini dəstəkləyən Fransanın bizə münasibəti məlumdur. Özü də, Fransa Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun üzvüdür. Təbii ki, burada sırf birtərəfli yanaşma və ermənipərəst mövqe var. Bu ziyanlı mövqe də Makronun yürütdüyü anti-Azərbaycan siyasətində əks olunub. Fransa, birmənalı olaraq, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəni həzm edə bilmir. Bu gün Azərbaycanda Hərbi Qənimətlər Parkının açılmasından qıcıqlanan iki ölkə var, biri Ermənistan, o biri isə Fransadır. Amma, təbii ki, bu bizi narahat etmir, biz müharibə aparıb öz torpaqlarımızı işğaldan azad etmişik, düşməni məğlubiyyətə uğratmışıq. Deyim ki, Hərbi Qənimətlər Parkının açılması heç Rusiyanın özündə belə Fransa qədər qısqanclıq, qıcıq doğurmayıb. Halbuki, oradakı silahların 90 faizdən çoxu Rusiya silahlarıdır”.

Hansısa formada Rusiyadan hər hansı bir reaksiya gözlənildiyi halda, Fransanın özünü ortaya atmasının gülünc olduğunu deyən ekspert hesab edir ki, bu gün Fransa bu məsələ ətrafında hay-küy yaratmaqla beynəlxalq ictimaiyyətin diqqətini Hərbi Qənimətlər Parkına yönəltmək məqsədi də güdə bilər.

T.Eyvazov hesab edir ki, Fransa əlində olan bütün vasitələrdən istifadə edərək beynəlxalq rəydə Azərbaycana qarşı məkrli oyunlar qurmaq niyyətini ortaya qoyur. “Fransız diplomatın “əndişəsi” aydındır, bu qıcıqlanmanın arxasında dayanan məkrli mətləb də heç kəsə sirr deyil. Səfir bununla açıq göstərir ki, Azərbaycanın qələbəsini həzm edə bilməyən Fransa Azərbaycana qarşı məkrli, qərəzli siyasətini davam etdirməkdən əl çəkməyib. Səfir də, təbii ki, digər ermənipərəstlər kimi, Azərbaycanın qələbəsini həzm edə bilmədiyi səbəbindən bu cür gülünc açıqlamalar verir. Bu açıqlamalar bizi yolumuzdan döndərə bilməz, biz öz işimizdəyik, öz yolumuzdayıq” - deyə T.Eyvazov vurğuladı.

İradə SARIYEVA

Son xəbərlər