Ermənistan baş naziri Nikol Paşinyanın aprelin 14-də Ermənistan parlamentində etdiyi geniş çıxış keçmiş iqtidar nümyəndələri tərəfindən qəzəb və əks-ittihamlarla qarşılanıb. Məsələ burasındadır ki, Paşinyan çıxışında Ermənistanın bütün sabiq prezidentlərini, eləcə də keçmiş ordu rəhbərliyini sərt ittiham edib. Onları erməni xalqından gizli işlər aparmaqda günahlandırıb, 44 günlük müharibədə baş verənlərin məsuliyyətinin mühüm bir hissəsinin də onların üzərinə düşdüyünü bildirib. Bu da Paşinyanın rəqibləri tərəfindən sərt qarşılanıb.
Artıq Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisi Nikol Paşinyanın parlamentdə etdiyi açıqlamalarla əlaqədar şərh verib: “Parlamentdə kapitulyant tərəfindən səsləndirilən yalanlar seriyası ilə bağlı mətbuatdan xahiş edirik ki, bu cəfəngiyata münasibətimizi öyrənmək üçün Serj Sarkisyanın ofisinə müraciət etməsin və ya hər hansısa sorğu göndərməsinlər. Çünki ofisimiz uzun müddət boş və mənasız, eləcə də əsassız iddialarına ətraflı cavab verdi, yalanlarına, gerçəkliyin saxtalaşdırılmasına və cəhalətinə münasibət bildirdi. Lakin kapitulyant çirkli manipulyasiyalarını davam etdirir. Diplomu da daxil olmaqla onun yalançı və saxtakarlığını ifşa edən çoxsaylı faktlar olduğundan, eyni suallara eyni mövzuda cavab verməyin mənasız olduğu qənaətindəyik”. Ermənistan Respublika Partiyasının sözçüsü, keçmiş vitse-spiker Eduard Şarmazanov da baş naziri kəskin tənqid atəşinə tutub: “Bu təslimçi nəinki danışıqları iflasa uğradıb, o həm danışıqları pozub, həm də müharibəni qızışdırıb”. Şarmazanovun sözlərinə görə, Paşinyan Qarabağ tənzimlənməsinə dair danışıqları iflasa uğradıb və Ermənistanın mövqelərini zəiflədib: “Müharibədən sonrakı vəziyyət də bundan xəbər verir. Nə 44 günlük müharibə dövründə, nə də ondan sonra bir beynəlxalq təşkilat, bircə həmsədr ölkə də Paşinyanı dəstəkləməyib. Bu, onun axmaq, absurd, antierməni və antidanışıq siyasətinin nəticəsində baş verib. 5 min nəfərin həlak olduğu, 10 min kvadrat kilometrlik ərazilərin təslim edildiyi, on minlərlə insanın yaralandığı, itkin və əsir düşdüyü müharibədə ali baş komandan olmuş bu şəxs özündən başqa hamını ittiham edir”. Şarmazanov baş naziri bütün danışıq prosesini pozmaqda günahlandırıb: “Məgər o demirdi ki, mən danışıqları Serj Sarkisyanın nöqtəsindən yox, öz nöqtəmdən aparacağam? Məgər iyul ayında sərhəd insidentlərindən sonra “yeni müharibə-yeni ərazilər” ifadəsini işlədən, “bizim ordumuz ən döyüş qabiliyyətli ordudur və regionda həlledici əhəmiyyətə malikdir” deyən o deyildi?”.
Nikol Paşinyanın çıxışına keçmiş prezident Robert Köçəryanın da ofisindən cavab verilib: “Paşinyanın çıxışlarında heç vaxt məntiq, reallıq, gerçəkliklə əlaqə olmayıb. Bir qayda olaraq, bu qaraqışqırıqçı çıxışlar həyasızlıq və yalanla dolu olur. Son çıxış da istisna olmayıb. Təsəvvür edirsinizmi, bizim indimizi murdarlayan birisi özündə gələcək barədə danışmaq cəsarəti tapır. Hakimiyyətini itirməkdə olanın bu küyçü çıxışından yeganə təəssürat qalır – yazıqlıq”. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da çıxışa sərt reaksiya verib. Belə ki, Nikol Paşinyan çıxışında 2018-ci ildə görüşərkən Levon Ter-Petrosyanın ona torpaqları Azərbaycana qaytarmağı məsləhət görməsinə dair açıqlama verib. Ter-Petrosyan sözçüsü Arman Musinyanın diliylə Nikol Paşinyanı “ruhi xəstə” adlandırıb. Musinyan bildirib: “Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan milləti məhv edən bəla-adamın ruhi çırpıntıları haqda danışmağı mənasız hesab edir”. Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyan baş nazir Nikol Paşinyanı xəstə və cahil adlandırıb: “Xəstə və yalan danışmağa meylli olan insanın fikirlərinə nə şərh verəsən? Mən hər psixin dediyinə münasibət bildirməliyəm? Onun dedikləri tamamilə yalandır, bundan başqa, o cahildir, hərbi çağırışın və səfərbərliyin nə demək olduğunu anlamır. Düşünürəm ki, bu da xəstəliklə əlaqəlidir”.
Ermənistanda siyasi qüvvələr arasında yaşanan bu ziddiyyət fonunda erməni siyasi icmalçı Qalust Qriqoryan olduqca maraqlı açıqlama verib. O bildirir ki, Ermənistan cəmiyyəti üçün, əfsuslar olsun ki, Azərbaycan Prezidenti İlham Əliyev həmişə həqiqəti deyib. İrəvandan isə daim yanlış məlumat yayılır. Qalust Qriqoryanın sözlərinə görə, söhbət əvvəllər və hazırda ölkə rəhbərləri arasında baş tutan pərdəarxası danışıqlardan gedir: “İlham Əliyevin 2016-cı ildə Rusiyada pərdəarxası görüşdən sonra Serj Sarkisyan haqda sözlərini xatırlayaq. O zaman Əliyev bildirmişdi ki, Sarkisyan ona Azərbaycan ərazilərini azad etməyi vəd edib və bunun üçün ona cəmi iki həftə vaxt lazım olduğunu da bildirib. O zaman hamı Azərbaycan liderinin bu sözlərini təkzib edən Sarkisyana inanmışdı, lakin bir neçə ildən sonra cəmiyyət Sarkisyanın Əliyevə verdiyi vəd barədə həqiqəti öyrəndi. Belə misallar çoxdur. Ermənistanın başında duran bütün insanlar düz danışmağı Əliyevdən öyrənməlidir”. Qriqoryan onu da yazıb ki, Köçəryan, Sarkisyan və Paşinyan dəfələrlə yalan deyiblər, Əliyev isə, erməni tərəfi boynuna almaq istəməsə də, həmişə həqiqəti deməyi xoşlayıb.
Nahid SALAYEV