“Moskva dəmir yolu əlaqəsinin bərpasını ən perspektivli istiqamət hesab edir. Bu məqsədlə rusiyalı mütəxəssislərin vasitəsilə Naxçıvanda sərhədyanı məntəqələrdə dəmir yolu infrastrukturlarına, eləcə də Ermənistanın sərhədyanı məntəqələrində yerləşən dəmir yolu xətlərinə ilkin baxış keçirilib”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, üç ölkə liderinin qəbul etdiyi bəyanatın 9-cu bəndinə görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri maneəsiz hərəkət edəcək. Ermənistan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların maneəsiz hərəkəti üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verir: “Nəqliyyat kommunikasiyasına nəzarət Rusiyanın FSB sərhəd xidməti tərəfindən həyata keçirilir. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi də razılaşdırılıb”.
Zaxarova, eyni zamanda, Naxçıvanla Azərbaycan arasında birbaşa yol çəkilməsi məsələsinə də toxunub: “Bildiyiniz kimi, iqtisadi əlaqələrin blokdan çıxarılması, yeni kommunikasiyaların inşası uzunmüddətli hadisədir, buna bir çox ixtisaslaşmış strukturu cəlb etmək lazımdır və əsas məsələlər, bildiyimiz qədərilə, bunun üçün xüsusi mexanizmlər yaratmış Azərbaycan və Ermənistan səlahiyyətliləri tərəfindən həll ediləcək. Bu gün ən ümidverici istiqamət dəmir yolu nəqliyyatının bərpasıdır. Bu istiqamətdə rusiyalı mütəxəssislərin köməyilə Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun sərhəd hissələrində, eləcə də Ermənistan sərhədinə bitişik olan dəmir yolu xətlərində ilkin araşdırma aparılıb”.
Rusiya rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi maraqlı məqamdır. Bu, onu deməyə əsas verir ki, Naxçıvan istiqamətində dəmir yolu əlaqəsinin bərpasının sürətləndirilməsi istiqamətində iş gedir.
Maraqlıdır, bəs ekspertlər Zaxarovanın bu açıqlamasını necə dəyərləndirirlər?
“Bunun sayəsində bizim Naxçıvan və Türkiyə ilə əlaqələrimiz genişlənəcək”
Məsələyə münasibət bildirən sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, belə görünür ki, nəqliyyat əlaqələrinin bərpasının sürətləndirilməsi istiqamətində işlər gedir: “10 noyabr bəyanatının şərtlərindən biri də Naxçıvan üzərindən Mehri dəhlizinin açılmasıdır. Burda da dəmir yolunun istifadəyə verilməsi və bu istiqamətdə ikitərəfli işlərin görülməsi nəzərdə tutulub. Zaxarova da bütün bunlara söykənərək belə fikirlər səsləndirib. Ancaq buna həm də müəyyən reallıqlar kontekstində baxmaq lazımdır. Reallıq ondan ibarətdir ki, bu, Rusiyanın bizə olan sevgisindən irəli gəlmir. Burada həm də Rusiyanın öz maraqları var. Kommunikasiya əlaqələrinin açılması Rusiyanın böyük ticarət tərəfdaşı olan həm Türkiyə, həm də Azərbaycanla əlaqələri asanlaşdıracaq. Nəzərə almaq lazımdır ki, Rusiyanın Türkiyə ilə illik ticarət dövriyyəsi 25 milyard dolları ötür. Dəmir yolu əlaqəsinin bərpası yükdaşımaları daha da rahatlaşdıracaq. Başqa bir tərəfdən, Rusiya Ermənistanın əsas himayədarıdır. Bu zaman Rusiya və Ermənistan arasında daşımalar asanlaşacaq. Bir sıra yükləri rahat formada Mehri dəhlizi ilə Ermənistana daşıyacaq. Ona görə də Rusiya bu dəhlizin açılmasının əhəmiyyətli olmasının fərqindədir. Öz növbəsində, biz də bu dəhlizin açılmasında maraqlıyıq. Çünki Naxçıvan blokada şəraitindədir. Dəhlizin sayəsində Naxçıvanla əlaqələrimiz genişlənəcək. Eyni zamanda, sözügedən dəhliz sayəsində bizim Türkiyə ilə əlaqələrimiz genişlənəcək. Ən əsas məsələ odur ki, Ermənistan sərhədlərini Rusiya qoruyur. Mehri dəhlizinə də nəzarəti Rusiya edəcək. Hesab edirəm ki, bu, təhlükəsizlik baxımından etibarlıdır”.
Professor onu da qeyd etdi ki, Ermənistan bu imkanları düzgün dəyərləndirsə, bu, nəticə etibarilə, onların da xeyrinə olacaq.
Vidadi ORDAHALLI