Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsində iştirak edən və böyük şücaətlər, qəhrəmanlıqlar göstərən şəxslərin bir qismi “Zəfər”, “Qarabağ” ordenləri, “Vətən müharibəsi qəhrəmanı” fəxri adı ilə təltif olunub.
Bu mükafatlara layiq görülən hərbi qulluqçuların adları açıqlandıqdan sonra bəziləri sosial şəbəkələrdə uydurma fikirlər səsləndirməyə başladılar. Bəziləri ya bilərəkdən, ya da bilməyərəkdən, məlumatsızlıqdan iddia edirlər ki,Vətən müharibəsində iştiraka görə təltiflərin verilməsi bitdi və çox adam kənarda qaldı və sair. Ancaq etibarlı rəsmi mənbələrdən “Bakı-Xəbər”ə daxil olan məlumata görə, Prezidentin bu istiqamətdə təltifləri hələ uzun müddət davam edəcək və digər qəhrəman hərbi qulluqçularımız da bu təltiflərə layiq görüləcəklər.
“Əminəm ki, heç bir qazi, heç bir müharibə iştirakçısı dövlətin diqqətindən kənarda qalmayacaq”
Tanınmış hərbi ekspert Tərlan Eyvazov bildirdi ki,bəzilərinin səsləndirdikləri bu iddialar tamamilə əsassızdır. T.Eyvazovun sözlərinə görə, təltif prosesi hələ uzun müddət davam edəcək və Vətən müharibəsində iştirak edən, qəhrəmanlıq göstərən kimsə kənarda qalmayacaq: “Olduqca vacib və aktual bir məsələyə toxunmusunuz. Mən özüm də sosial şəbəkələrdə bu kimi əsassız söhbətlərin, statusların şahidi oluram. Həddən artıq bir “narahatlıq” var və deyərdim ki, bu “narahatlıq” qaşınmayan yerdən qan çıxarmaqdır. Vətən müharibəsi bir aydır başa çatıb. Bu bir ay müddətində Prezidentin verdiyi fərmanlar əsasında çoxlu sayda yeni təltif təsis edilib. Bu təltiflərin ərsəyə gətirilməsi, sənədləşməsi, bizdə fabrik olmadığı üçün kənarda sifariş verilib hazırlanması vaxt, zaman tələb edir. Bu elə deyil ki, Prezident fərman verdikdən dərhal sonra həmin şəxs o medalı, ordeni alıb sinəsinə taxmalıdır. Bu proses kifayət qədər vaxt tələb etdir. “Şuşanın azad olunmasına görə” və ondan başqa bir neçə medal, orden təsis edilib ki, bunların hazırlanması prosesi hələ başa çatmayıb. Təbii ki, təltifetmə prosesi başa çatmayıb və bundan sonra da Prezident tərəfindən yeni təltif fərmanları veriləcək. 44 günlük Vətən müharibəsində iştirak edən, fərqlənən qazilərimiz, döyüşçülərimiz bu medal və ordenlərə layiq görüləcəklər.
Mən bunu öz təcrübəmdən bilirəm. Şəxsən mən Əfqanıstandan qayıdanda bir dənə də olsun medalım yox idi. Amma mənə verilən təltiflər əsasında o medallar hərbi komissarlığa gəlirdi və onları alıb sinəmizə taxırdıq”.
T.Eyvazovun fikrincə, sosial şəbəkədə yazıb tələb etmək çox asandır, ancaq onlar bu medal və ordenlərin hazırlanmasının nə qədər böyük proses olduğunu təsəvvür etmirlər: “Bu medalların hamısı veriləcək və əminəm ki, heç bir qazi, heç bir müharibə iştirakçısı dövlətin diqqətindən kənarda qalmayacaq”.
İradə SARIYEVA