Müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə rəşadətli ordumuzun qazandığı parlaq zəfərlər, şanlı qələbələr tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. Noyabrın 10-da Bakıda keçirilən möhtəşəm Zəfər paradı hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan bütün soydaşlarımız üçün sevincli və qürurlu, tarixi baxımdan böyük əhəmiyyətə malik bir hadisə idi.
Azadlıq meydanında keçirilən hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarə və helikopterləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Qələbə paradında qardaş Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarından ibarət bölük də iştirak etdi.
Zəfər paradının çox böyük əhəmiyyəti var. Dünya tarixinin ən yaddaqalan paradlarından olacaq bizim Zəfər paradı. Şəhidlərimizin xatirəsinin yad edilməsi, zəfərimizin bir daha dünyaya çatdırılması, eyni zamanda, Rəcəb Tayib Ərdoğan və İlham Əliyevin birlikdə dünyaya çatdırdıqları mesajlar var idi bu paradda.
Aydın Hüseynov: “Paradın həm hərbi, həm siyasi, həm geosiyasi, həm simvolik, həm də mənəvi baxımdan çox böyük əhəmiyyəti var”
Hakim Yeni Azərbaycan Partiyasının təşkilat şöbəsinin müdiri, deputat Aydın Hüseynov bildirdi ki, 10 dekabr Qələbə paradı Azərbaycan tarixinə qızıl hərflərlə düşdü. Bu paradın həm hərbi, həm siyasi, həm geosiyasi, həm simvolik, həm də mənəvi baxımdan çox böyük əhəmiyyəti var: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən indiyə qədər hərbi paradlar keçirib və hərbi gücünü nümayiş etdirib. Ancaq heç vaxt Qələbə paradı keçirməyib. 10 dekabrda keçirilən parad ilk Qələbə paradımızdır. Müzəffər Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə torpaqlarımızı işğaldan azad etdi, sərhədlərimiz bərpa olundu. Ordumuzun 44 gün ərzində nümayiş etdirdiyi qəhrəmanlıq bu gün bütün dünya ölkələrinin hərbi rəhbərliyini heyrətə gətirib. Hər kəs Azərbaycan Ordusunun ən müasir müharibə apardığını bəyan edir, Azərbaycan Ordusunun təcrübəsini öyrənir. Azərbaycan Ordusu Qələbə paradını keçirməyə layiq ordudur. Bu parad ordumuzun, dövlətimizin hərbi qüdrətini bir daha nümayiş etdirdi. Düşmənin qoyub qaçdığı, ordumuzun hərbi qənimət kimi əldə etdiyi hərbi texnikaların bir qisminin Qələbə paradında nümayiş etdirilməsinin də ayrıca bir özəlliyi var. Ermənistana 44 günlük müharibədə ordumuz heç vaxt unuda bilməyəcəyi dərs verib. Qələbə paradımızdan da düşmən dərs götürməlidir. Azərbaycan Prezidenti bir neçə gün öncə BMT tribinasından Qələbimizi dünyaya bəyan etdi. 10 dekabrda Azadlıq meydanında qalib ordunun qarşısında qələbəmizi bütün dünyaya bəyan etdi. Prezidentimiz 2018-ci ildə Azadlıq meydanında hərbi paradda bəyan etmişdi ki, Azərbaycan işğal altındakı torpaqlarını azad edəcək və azad olunmuş torpaqlarımızda qaldırılan qələbə bayrağı gətirilib Azadlıq meydanında Qələbə paradında qaldırılacaq. Ali Baş Komandanın ordunun, xalqın qarşısında verdiyi vəd yerinə yetirildi”.
A.Hüseyov vurğuladı ki, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qələbə paradında iştirak etməsinin də çox böyük siyasi, hərbi, geostrateji, mənəvi anlamı, mesajı var: “Bugünlərdə cənab Ərdoğan bildirmişdi ki, əldə olunan qələbə Azərbaycan Ordusunun ana südü kimi halal haqqıdır. İndi Prezident Ərdoğanın da Azərbaycan Ordusunun Qələbə paradında iştirakı da onun bir qardaş kimi halal haqqıdır. Qardaş Türkiyə, Prezident Ərdoğan ilk gündən Azərbaycana siyasi, mənəvi dəstək verdi, Azərbaycanı tək qoymadı. Bu əsl qardaşlıq nümayişi idi. Bu gün biz bir yerdəyik, iki qardaş ölkə çiyin-çiyinədir. Çətin günlərimizdə də bir yerdə olduğumuz kimi, xoş günlərimizdə də bir yerdəyik. Bundan təbii heç nə ola bilməz. Dünya da, region ölkələri də gərəkən mesajı alacaqlar”.
Pərvin Kərimzadə: “...milli birliyimizin, həmrəyliyimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin nümayişi oldu”
Millət vəkili Pərvin Kərimzadə bildirdi ki, öz haqqı uğrunda əvvəldən axıra kimi ləyaqətlə, inamla mübarizə aparan, bu müharibədən qalib çıxan Azərbaycan böyük Zəfərini qeyd edir. Dekabrın 10-u böyük siyasi, mənəvi əhəmiyyətə malik, eyni zamanda, rəmzi məna daşıyan hərbi parad rəşadətli Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya növbəti nümayişi kimi tarixə düşdü: “Müstəqil Azərbaycanın rəşadətli ordusu 44 gün ərzində düşmən ordusunu diz çökdürdü, ermənilərin çoxlu sayda texnikasını, artilleriya sistemini, hava hücumundan müdafiə sistemini məhv etdi. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı altında ordumuz BMT TŞ, Avropa Parlamenti, AŞPA və digər beynəlxalq qurumların qəbul etdikləri, uzun illər masa üzərində qalaraq lazımsız kağız parçasına çevrilmiş qərarlarını həyata keçirdi, Cənubi Qafqazda beynəlxalq hüququn Ermənistan tərəfindən pozulmuş normalarını və prinsiplərini bərpa etdi. Haqq mübarizəsindən qalib çıxan Azərbaycan zəfərini təntənəli hərbi keçidlə qeyd etdi, döyüş əməliyyatları zamanı düşməndən götürülən çoxlu sayda qənimət - tanklar, piyadaların döyüş maşınları, minaatanları dünyaya nümayiş etdirdi. Dost da, düşmən də 44 gün ərzində Azərbaycanın igid əsgərlərinin əzmlə, qürurla, çiyin-çiyinə verərək, biləklərinin haqqı ilə qazandıqları bu fəxarətli zəfərlərini qürurla qeyd etməsinin şahidi oldu. Bəli, bu möhtəşəm qələbənin qazanılmasında Azərbaycan əsgəri hərəsi bir qəhrəmanlıq dastanı yazdı, ölümə meydan oxudu, torpaqlarımızın hər qarışı uğrunda çarpışdı, vuruşdu, ana Vətənə canını qurban verməkdən belə çəkinmədi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə rəşadətli ordumuzun həyata keçirdiyi hücum taktikası, o cümlədən, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlər dünya praktikasında ilklərdən oldu. Ölkə Prezidentimiz yenilməz sərkərdə, Azərbaycan tarixində itirilmiş torpaqlarımızı qaytaran dövlət başçısı kimi tarixə düşdü. Dekabrın 10-da keçirilən Zəfər paradı, eyni zamanda, yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəyliyimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin nümayişi oldu”.
Günel CƏLİLOVA