Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə, dünya üçün çox böyük önəm daşıyır: “Çünki bizim siyasətimiz əməkdaşlığa, ölkələr arasında işbirliyinə hesablanıb”.
Prezident İlham Əliyev həmçinin deyib ki, bu tarixi zəfərdən sonra başlanan dövr üçün də biz tam hazırlıqlıyıq: “Bu gün əziz qardaşımla söhbət əsnasında bundan sonrakı dövr haqqında da fikir mübadiləsi apardıq və bizim fikirlərimiz üst-üstə düşür. Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu əməkdaşlıq formatında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər. Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya-İran, Türkiyə-Rusiya-İran işbirliyi var. Bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz iddialarından, əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq. Müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq, biz ədavətə son qoymalıyıq. Bunun təşəbbüskarı biz olmamışıq. Biz, sadəcə olaraq, 30 il ərzində beynəlxalq təşkilatlardan, ATƏT-in Minsk Qrupu həmsədrlərindən dəstək gözləyirdik. Gözləyirdik ki, onların qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin. Ancaq bu olmadı. Sadəcə olaraq, nə hərb, nə sülh vəziyyəti, status-kvo davam edirdi. Biz hərbi yollarla bu status-kvonu dəyişdirdik, düşməni torpaqlarımızdan çıxardıq, onlara çox böyük zərbə vurduq, onların ordusunu məhv etdik, onların əsas ideoloji sütunlarını məhv etdik. Amma ondan sonra nə etdik? Söylədik ki, biz işbirliyinə hazırıq. Biz yeni bir əməkdaşlıq formatını təşkil etməklə gələcəkdə bölgəmizdə müharibə risqini sıfıra endirə bilərik”.
Göründüyü kimi, Prezident İham Əliyev Türkiyə ilə əldə olunan razılaşma əsasında bölgə üçün müharibə risqini sıfıra endirə biləcək əməkdaşlıq formatından danışıb. Anonsu verilən yeni əməkdaşlıq formatı özündə nəyi ehtiva edə bilər?
“Belə olacağı təqdirdə Ermənistan tək mövcud ola bilməz və onun da bu ölkələrlə normal münasibətlər qurmaqdan başqa yolu qalmır”
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər Paradın ardından, rəsmi görüşlərdən sonra mətbuat konfransında söylədikləri və region ölkələrindən ibarət olan əməkdaşlıq formatının yaradılması ideyası çox faydalıdır: “Türkiyə ilə Azərbaycan arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur. Söhbət yeni bir əməkdaşlıqdan gedirsə, deməli, burada 10 noyabr Bəyanatından doğan nəticələrə diqqət etməliyik. Müharibənin gedişində biz başqa ölkələrin müdaxiləsini Türkiyənin verə biləcəyi dəstəklə sığortalayırdıq. Çünki bizim ölkələrimiz arasında həm də hərbi sahədə geniş əməkdaşlıq mövcuddur. Bir faktı da qeyd edim ki, burada eyni zamanda yalnız Türkiyə və Azərbaycandan ibarət olmayan əməkdaşlıq formatından da söhbət gedə bilər. Çünki 44 günlük müharibə regiondakı mənzərəni tamamilə dəyişib. Yəqin ki, bu əməkdaşlıqda 10 noyabr Bəyanatında yer alan Ermənistanla kommunikasiyaların bərpası məsələsindən doğan nəticələr də nəzərdə tutulur. Çünki biz dəfələrlə demişik ki, Ermənistanın bundan sonra bizimlə və Türkiyə ilə normal münasibətlər qurmaqdan başqa yolu yoxdur. Ümidvarıq ki, Ermənistan bu vəziyyətdən ciddi nəticə çıxarıb pozuculuq əməllərinə son verəcək. Hiss olunur ki, Ermənistanın özündə də artıq belə fikirlər səslənməyə başlayıb. Hətta parlamentdə belə deyirlər ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq onlar üçün faydalı olar. Düşünürəm ki, yeni əməkdaşlıq formatında 4 ölkənin – Azərbaycanın, Türkiyənin, Rusiyanın və İranın iştirak edəcəyi ehtimalı yüksəkdir. Gürcüstanla Rusiya arasında olan bəzi anlaşılmazlıqlar aradan qaldırılsa, həmin ölkənin də bu formata qoşulması mümkündür. Təbiidir ki, belə olacağı təqdirdə Ermənistan tək mövcud ola bilməz və onun da bu ölkələrlə normal münasibətlər qurmaqdan başqa yolu qalmır”.
Ekspertin sözlərinə görə, Qarabağ problemində olan irəliləyiş bütün bölgənin təhlükəsizliyinə müsbət mənada təsir etmiş olacaq.
Məhəmmədəli QƏRİBLİ