24/11/2020 12:44
728 x 90

Əsl sərkərdə qətiyyətiniz... Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevə yazdı...

img

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevə müraciət ünvanlayıb:

“Müstəqil və suveren Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan doğma Qarabağın işğaldan azad olunması münasibətilə Sizi ən səmimi duyğularla təbrik edərək ölkəmizin davamlı tərəqqisi və qalib xalqımızın firavan gələcəyi naminə məqsədyönlü və əzmkar fəaliyyətinizdə daim uğurlar diləyirəm.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməl prinsipləri müəyyənləşdirilmiş mükəmməl dövlətçilik və inkişaf konsepsiyası, həmçinin, müasir ordu quruculuğu məhz Sizin praqmatik rəhbərliyiniz altında zamanın geosiyasi reallıqları kontekstində bu gün müvəffəqiyyətlə davam etdirilir. Ali Baş Komandanlığınızla illərdən bəri həllini gözləyən olduqca ağır bir problemin - ərazi bütövlüyümüzün tam təmin edilməsi hazırda hər bir vətənpərvər azərbaycanlının qəlbində sonsuz qürur və iftixar hissi doğurmaqdadır.

Zati-aliləri, yenilməz siyasi iradə və əsl Sərkərdə qətiyyətiniz sayəsində ən müasir taktiki döyüş qabiliyyəti ilə qlobal hərb dünyasını heyrətə salan məğlubedilməz Milli Ordumuzun günbəgün qazandığı qələbələrdən ruhlanan xalqımızın ətrafınızda dəmir yumruq kimi birliyi müasir Azərbaycanın əzmkar millətə malik qüdrətli bir dövlət olduğunu bütün dünyaya sübut etdi. Azğın düşmənə qarşı qəhrəman əsgər və zabitlərimizin döyüş meydanlarında nümayiş etdirdiyi fədakarlıq nümunələri ilə yanaşı, geniş diplomatiya və informasiya müstəvisində əldə olunan nailiyyətlər, xüsusən təcavüzkar dövlətin məkrli və bədnam niyyətlərinə xidmət edən bir çox xarici media nümayəndələrinə Zati-alinizin ifşaedici müsahibələri mütərəqqi beynəlxalq ictimaiyyət tərəfindən hazırda birmənalı olaraq dəstəklənir və böyük rəğbət hissi ilə qarşılanır. Doğma torpaqlarımız işğaldan azad edildikcə, hər dəfə xalqımıza ünvanladığınız müraciətlər, vaxtilə mötəbər beynəlxalq tədbirlərin birində məğlub tərəfin sərsəm iddiasına qarşı qətiyyətlə səsləndirdiyiniz “Qarabağ Azərbaycandır!" sözləri real həyatda öz parlaq əksini tapmaqla artıq müasir ictimai şüurumuza əbədi həkk olunmuşdur.

Cənab Ali Baş Komandan, tarixi günlərimizdə yüksək ehtiramla anılan müqəddəs məkanlarımızı ziyarət etdikdən sonra Şəhidlər Xiyabanında “Əziz Şuşa, sən azadsan!" müjdəsini elan etməyiniz isə Ulu Öndərimizin ərazi bütövlüyü ideyalarının zəfəri, şəhidlərimizin və bütövlükdə axıdılan qanların qisasının möhtəşəm təntənəsidir.

Böyük Qələbə münasibətilə Dövlət Gömrük Komitəsinin şəxsi heyəti adından bir daha ən səmimi təbriklərimi çatdıraraq Sizə - rəşadətli Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanına möhkəm cansağlığı, uzun ömür və səadət diləyir, Zati-alinizi əmin edirəm ki, ölkə gömrükçüləri respublikamızın iqtisadi maraqlarının etibarlı təminatı naminə müəyyənləşdirilmiş mühüm vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün imkan və bacarığını səfərbər edəcəkdir”.

Baki-xeber.com

Son xəbərlər