Rusiya prezidenti Vladimir Putin və onun fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub. Kremlin mətbuat xidmətindən verilən xəbərə görə, telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı müzakirə olunub. V.Putin Rusiya tərəfindən qan tökülməsini dayandıran və yeni qurbanların olmasına imkan verməyən fəal vasitəçi səylər, eləcə də təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlılarının yerləşdirilməsi barədə E. Makrona məlumat verib. Qeyd olunub ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bəyanatı icra olunur və regionda vəziyyət ümumilikdə sabitdir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xəttilə işin koordinasiyasına hazırlıqlarını bildirən liderlər qaçqınların daimi yaşayış yerlərinə qayıtması və əhalinin normal həyat şəraitinin təmin olunması, infrastrukturun bərpa olunması, xristian məbədləri və monastırlarının qorunub saxlanması da daxil olmaqla, təxirəsalınmaz humanitar məsələlərin vacibliyinə diqqəti yönəldiblər. V.Putin Dağlıq Qarabağda qurumlararası Humanitar Yardım Mərkəzinin yaradıldığını bildirib.
Danışıqda diqqət çəkən məqamlardan biri tərəflərin xristian irsinin qorunmasının vacibliyinə diqqəti yönəltmələridir. Sanki belə təəssurat yaradılmağa çalışılır ki, güya Azərbaycan həmin irsi məhv etməyə hazırlaşırmış. Ölkəmizdəki tolerant, multikultural mühitin ən yüksək səviyyədə olduğu göz qabağındadır. Hətta Bakının mərkəzində belə erməni kilsəsi bugünə kimi qoruyub saxlanırsa, Putin və Makronun keçirdiyi “narahatlıq” nə dərəcədə əsaslı sayıla bilər?
“Azərbaycan öz daxilindən əlavə, hətta Avropada belə xristian abidələrinin təmirinə vəsait ayırıb dəstək verən dövlətdir”
İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya prezidenti Putin və Fransa prezidenti Makronun Qarabağda xristian irsinin qorunması ilə bağlı müzakirə aparmaları ilk növbədə xristian təəssübkeşliyi ilə bağlıdır: “Yəni hər nə qədər siyasi baxımdan fərqli qütblərdə görünən dövlətlər olsa da, məsələ dinə, xaça gələndə, səlib yürüşünə çatanda onlar birləşir. İkinci amil odur ki, ermənilərin bizim dini abidələrimizi dağıtdıqlarını, təhqir etdiyini bunlar bilir. Düşünürlər ki, biz də əvəz çıxarıq, qisas alarıq və biz də xristan abidələrini təhqir edərik, yaxud da dağıdarıq. Bu da əsla mümkün olan məsələ deyil. Çünki Azərbaycan öz daxilindən əlavə, hətta Avropada belə xristian abidələrinin təmirinə vəsait ayırıb dəstək verən dövlətdir. Azərbaycanda, hətta erməni kilsəsi sağ-salamat, təmir edilmiş formada qalmaqdadır.
Digər bir yöndən isə şübhə, zənn yaratmaqla sətiraltı imperialist barbar təfəkküründən doğan mesaj ötürmək istəyirlər ki, guya dünyada harada xristian abidəsi varsa, bunların ora aidiyyəti var, yaxud da o torpaqlarda yaşayanlar sabiq səlibçilərlə hesablaşmalıdırlar. Ermənilər dünyaya o kilsələri Alban kilsəsi yox, erməni kilsəsi kimi təqdim edir. Böyük ehtimalla, əlləri hər yerdən üzülən mənfur düşmən indi də kilsə amilindən yapışmaq istəyir və dünya liderlərinə bu haqda zənglər edərək, guya həmin kilsələrdən narahat olduğunu ifadə edir, Azərbaycanı dini cəhətdən şübhə altına aldırmağı düşünür. Halbuki, Azərbaycan dünyada ən tolerant ölkələrdəndir. Düşünürəm ki, bu zənglər və cənab Prezidentə bu haqda deyilənlər əsassızdır. Çünki Azərbaycan heç kəsin xəbərdarlığı, tövsiyəsinə ehtiyac duymadan öz tarixi, dini abidələrini qorumaqdadır və qoruyacaq”.
Müsahibimizin sözlərinə görə, Azərbaycanın bu məsələyə nə dərəcədə sadiq olduğunu əslində elə məhz bu iki lider hamıdan gözəl bilir.
Məhəmmədəli QƏRİBLİ