“Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik. Eyni zamanda, öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq”. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin vaxtlə söylədiyi bu dəyərli kəlam Azərbaycan xalqının, dövlətinin sahib olduğu azərbaycançılıq ideologiyasının milli köklərimizlə, zəngin mədəni və mənəvi dünyamızla vahidlik təşkil etdiyini açıq şəkildə göstərir.
Dünyada çox az xalq, dövlət tapılar ki, onun tarixi köklərə, əsaslara malik olan vahid ideologiyası olsun və bu ideologiya dövlət siyasətinin əsas təməl prinsiplərinə çevrilsin. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan vahid milli ideologiyaya sahib olan bir dövlətdir və azərbaycançılıq dövlətimizin əsasını təşkil edir.
Vahid milli dövlətçilik ideologiyamızın müasir müəllifinin xalqımızın dahi oğlu Heydər Əliyev olduğu danılmazdır. Əvvəlki dövrlərdə kiçik rüşeymlər halında dağınıq olan, bir axarda qovuşmayan azərbaycançılığı Heydər Əliyev böyük və qüdrətli bir xalqın, bir dövlətin ana prinsipinə, əbədi ideologiyasına çevirdi. Əlbəttə, Heydər Əliyevin bu tarixi xidməti xalqımıza və dövlətimizə əbədi bir mirasdır. Bu barədə növbəti yazılarımızda daha geniş söhbət açacağıq. İndi isə azərbaycançılığın tarixi köklərinə, yaranma dövrlərinə, formalaşma və təşəkkül çağlarına diqqətinizi yönəltmək istəyirik. Əslində, xalqımızın böyük filosoflarının, mütəfəkkirlərinin, aydınlarının əsərlərində, görüşlərində, fəlsəfi biçimli əsərlərində azərbaycançılığın ilkin rüşeymləri özünü göstərməkdədir.
Azərbaycançılıq ideyası qədim tarixi köklərə malikdir və xalqımızın ilkin formalaşma dövrü ilə səsləşir. Xalqımızın sahib olduğu qədim dövlətlərin, sultanlıq və xanlıqların dünyagörüşündə, həyat tərzində, tarixi inkişafında azərbaycançılığın izlərinə rast gəlirik. Azərbaycançılıq ideyaları ilkin mərhələdə xalqımızın mədəniyyətində, etnoqrafik, folklor yaddaşında, dünyagörüşündə, mənəvi və psixoloji ruhunda özünü əks etdirməyə başlayıb.
Artıq illərdir Azərbaycan tarixşünaslıq və ədəbiyyatşünaslıq elmində azərbaycançılıq deyilən bir elmi tədqiqat obyekti yaradılıb. Azərbaycançılıq indi bir elm kimi öyrənilir və öyrədilir.
Azərbaycançılıq ideyası, ideologiyası ilə bağlı alimlər qeyd edirlər ki, onun mahiyyətini, qayəsini tarixən cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək təşkil edib. O, xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir. Xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır. Hələ sovet ideologiyası olan marksizm-leninizmin süquta uğradığı XX əsrin 90-cı illərində, Azərbaycanda ideologiya boşluğu dövründə çap edilən “Azərbaycan ideologiyası” monoqrafiyasında belə nəticəyə gəlinir ki, ideologiyamızın təşəkkülü ən qədim çağlardan - mifik təfəkkürdən başlanır. “Ən əski zamanlarda təbiəti dərk etməyə cəhd, cəmiyyət amili ilə hesablaşmaq zərurəti ideologiyanı yaradıb. Ona görə də ideologiyaya xas başlıca xüsusiyyət tarixilikdir. Hər bir ideologiyanın əsasında gerçəkliyə real münasibət amili dayanır. Bu münasibət tarixin təcrübəsinə əsaslanmalı, tarixi xarakter daşımalıdır. Onun dəyişməsi tarixin cəmiyyət qarşısında irəli sürdüyü tələblərə müvafiq olmalı və əslində, həmin tələblər ideologiyanın ideya mənbəyi, hərəkətverici amilləridir. Beləliklə, ideologiya tarixin gedişi ilə meydana çıxaraq, həmin gedişi təsdiq edən və bu gedişin sonrakı istiqamətlərini müəyyənləşdirən, həmin prosesdə xalqın və millətin rolunu təyin edən, dövlətin tipini və tarixi simasını formalaşdıran ən parlaq və obyektiv ideyaların və sistemin məntiqi yekunudur. Azərbaycançılıq xalq tarixinin obyektiv izahına xidmət edir. Tarixin hərəkəti ilə təsdiq olunmayan ideologiya demokratik cəmiyyət strukturu, xalqı irəli aparan dövlətçilik üçün nəzəri zəmin ola bilməz”.
Alimlər yazırlar ki, qədim xalqların, o cümlədən, Azərbaycan türklərinin ideologiyası əvvəlcə mif, sonra isə din, daha doğrusu, əski inamlar olub. Onların fikrincə, mif sinfli mərhələyə qədərki çağların ideologiyasıdır. “Sərhədsiz düşüncə tərzinin ifadəsi olan mif xalqın özü haqqında söylədiyi ən bakir, ən kamil həqiqətdir. Onda sonralar Azərbaycan xalqının təşəkkülündə rol oynayan tayfaların dünyaduyumu, əxlaq tərzi və gələcəyə münasibəti ifadə olunub. Hansı xalqın mifik təfəkkürü güclüdürsə, onun sonrakı taleyi aydın, tarixdəki mövqeyi möhkəmdir”.
Alimlərin bildirdiyinə görə, azərbaycançılığın əsasında mükəmməl ailə kultu dayanır. Onların fikrincə, xüsusilə Şərqdə, türk-müsəlman arealında tarixin təcrübəsi göstərir ki, ailəsi möhkəm olmayan xalqın dövləti də möhkəm ola bilməz. “Azərbaycançılığın əsasında dayanan inanclardan biri də eramızdan əvvəl VII əsrdə yaranan zərdüştizm idi. Əməyi azadlığın mənbəyi qəbul edən zərdüştizm konsepsiyasındakı dual fəlsəfə zəminində azad iradəyə malik şəxsiyyət, ədalətli insan və dünya problemi üç prinsipə əsaslanır: “xeyir fikir, xeyir söz, xeyir iş”. Biz buna sonralar “Məlik Məmməd” nağılında, dahi Nizami Gəncəvinin "Xeyir və Şər" poemasında, “Haqq mövcud” nağılında görə bildik”.
Azərbaycançılığın istinad nöqtələrindən birinin də "Kitabi Dədə Qorqud" eposu olduğunu deyən Nizaməddin Şəmsizadə hesab edir ki, azərbaycançılığın, Azərbaycan dövlətçilik təfəkkürünün ən möhtəşəm qaynağı "Kitabi Dədə Qorqud" eposudur. "Azərbaycan təfəkkürünün (müştərək türk düşüncəsinin) ən böyük abidəsi olan "Kitabi Dədə Qorqud"un əsas ideyası türk tayfalarını - 24 oğuz tayfasını vahid xalq və dövlət halında birləşdirməkdən ibarətdir. Burada tayfa bizim indi anladığımız məhdud mənada deyil, müəyyən ərazi, maddi, mənəvi-əxlaqi birlik əlamətlərinə malik el mənasında işlənir. Əsasən VI-VIII əsrlərdə cərəyan edən hadisələri əhatə edən epos I minilliyin inanc, düşüncə və dövlətçilik təsəvvürlərini əks etdirən ideoloji sistemlər toplusudur. Tayfa və birliklərin erkən dünyaduyumu və düşüncə tərzini əks etdirən mifdə hələ dövlətçilik təsəvvürləri yox idi. Dövlətçilik haqqında ilkin təsəvvürə "Kitabi Dədə Qorqud"da rast gəlirik. Bunun atributları aşağıdakılardır: vətənçilik; Bayandır xanın başçılıq etdiyi siyasi-hərbi ierarxiya; ailə kultu ("Ana haqqı - Tanrı haqqı"- K.D.Q); ordu və özəl ənənələrə malik el kultu ("Qonşu haqqı Tanrı haqqıdır"). "Kitabi Dədə Qorqud" oğuz türkləri haqqında Azərbaycan ensiklopediyasıdır.
Gördüyünüz kimi, üzü nağıllarımızdan, dastanlarımızdan, ana kitabələrimizdən bəri başlayaraq filosof Bəhmənyar Azərbaycaniyə, Nizami Gəncəviyə, Nəsirəddin Tusiyə, Molla Pənah Vaqifə, adlarını qeyd etmədiyimiz daha başqa dahi şəxsiyyətlərimizə qədər gələn və bu gün də davam etdirilən azərbaycançılıq böyük tarixi inkişaf yolu keçib”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə elmləri doktoru Afaq Rüstəmova azərbaycançılıq ideologiyasına belə biçim verir: “Azərbaycançılıq Azərbaycan xalqının ideologiyasıdır. Müstəqil, suveren Azərbaycan dünyəvilik prinsipinə əsaslanan sivil, demokratik dövlətin qurulmasını strategiya olaraq müəyyənləşdirib. Bu ideologiyanın əsasını Azərbaycanı özünə vətən bilən hər bir kəsin milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası təşkil edir. Azərbaycançılıq ideyasının təkamülünə nəzər salsaq, məlum olur ki, bunu XIX əsrin sonu XX əsrin əvvəli ilə əlaqələndirmək olar. Belə ki, 1828-ci ildə İranla müharibə nəticəsində Rusiya imperiyasının tərkibinə daxil edilmiş Şimali Azərbaycanda dini identiklikdən milli ideyanın başlanğıcı sayılan etnik identikliyə keçidə cəhd edilmişdir. O dövrdə dini şüurun etnik şüurdan ayrılması ümdə məqsəd kimi qarşıya qoyulmuşdu və bu istiqamətdə bir sıra Azərbaycan ziyalılarının gördükləri işlərin olduqca böyük əhəmiyyəti var. Bu, təsadüfi mahiyyət daşıya bilməz. Belə ki, milli ideya bir günə yaranmır. Bu anlayışa çatmaq üçün xalq müəyyən tarixi yol keçməlidir. O (yəni milli ideya) ilk olaraq milli şüurun oyanması sayəsində müstəqillik uğrunda mübarizə ilə başlanır. Milli ideya, ilk növbədə, hər bir xalqın mədəniyyətində, fəlsəfəsində, mentalitetində, iqtisadiyyatında, siyasətində, elmində öz ifadəsini tapır. Qeyd edək ki, çoxmillətli dövlətlərdə ərazi bütövlüyünün qorunub saxlanması ideyası dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının müqəddəs borcudur.
İdeya və ideologiya xalqların və cəmiyyətlərin həyatında öz spesifik xüsusiyyətləri və mahiyyətləri etibarilə bir-birindən fərqlənir. Bu fərqlər milli xüsusiyyətlərə əsaslanır. Bizim ideologiyamızın əsasını milli müstəqillik təşkil edir. O, demokratik ideallara, ümumbəşəri dəyərlərə, dövlətimizin Konstitusiyasına, milli mədəniyyət və adətlərə, vicdan azadlığına, humanizmə, fikir plüralizminə müvafiq yaradılır. Qanunun aliliyi prinsipi milli müstəqillik ideologiyasının hüquqi əsasını ifadə edir. Əlbəttə ki, siyasi institut olaraq dövlət ölkənin stabilliyinin və inkişafının qarantıdır. O, cəmiyyətdə sosial-siyasi stabilliyi, milli təhlükəsizliyi, qanunun aliliyini, sosial ədaləti təmin edir. Ölkəmiz milli və ümumbəşəri dəyərlərə, xalqımızın zəngin irsinə, inkişaf etmiş dövlətlərin təcrübəsinə istinad edərək vətəndaş cəmiyyəti qurur. Ümumbəşəri demokratik prinsiplərin həyatımızda möhkəm kök salması respublikanın qanunverici aktlarında və beynəlxalq hüquq normalarında əks olunan məqsəd və qayələrin tələblərə müvafiq şəkildə həyata keçirilməsindən asılıdır...”.
Bəlı, alimin də fikrindən açıq görünür ki, bu ideologiya XIX əsrdən başlayaraq daha geniş formada özünü ifadə edib. Həmin dövrdə azərbaycançılıq ideyası, məfkurəsi, ideologiyası bir qədər də irəli gedib, inkişaf edib, özünü əsasən maarifçilik hərəkatının bayraqdarı kimi ifadə edib. XIX əsrdə maarifçilik və milli mətbuat hərəkatına öndərlik edən böyük şəxsiyyətlərimiz həmin dövrdə meydana çıxan milli mətbuat orqanlarında azərbaycançılığın yeni formalarını müxtəlif biçimlərdə təqdim etməyə başlayıblar. Türkçülük və azərbaycançılıq ideyasının, məfkurəsinin qovuşduğu bu yeni təmayülün istiqaməti xalqımızın balalarının oxuyub savadlanmasına, cahillik əsarətindən xilas olmasına və bununla da bütün xalqı çar zülmündən, buxovundan, imperiyanın tabeliyindən azad etməyə yönəlmişdi.
Azərbaycançılıq nəzəriyyəsinin meydana gəlməsində heç şübhəsiz ki, Azərbaycan ədibi, filosofu, ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin görkəmli nümayəndələrindən biri Əli bəy Hüseynzadənin rolu böyükdür. Ə.Hüseynzadə azərbaycançılığın nəzəri əsasını üç istiqamətdə – türkləşmə, islamlaşma və müasirləşmədə görürdü və bu ideyanı da meydana gətirmişdi. Bu ideya Ə.Hüseynzadə tərəfindən onun “Həyat” jurnalında 1905-ci ildə irəli sürülüb. Məlumdur ki, sonralar bu ideya Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi doktrinası olub və Xalq Cümhuriyyətinin üçrəngli bayrağında öz rəmzi ifadəsini tapıb.
Ə.Hüseynzadə “Füyuzat”da çap edilən məqalələrindən birində yazırdı: “Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!”. Tədqiqatçılar qeyd edirlər ki, onun bu fikirləri füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və “Tazə həyat”, “İrşad”, “Yeni füyuzat”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Sədayi-həqq”, “Şəlalə”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “Dirilik”, “Azərbaycan”, “Övraqi-nəfisə” kimi mətbuat orqanları tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək” – azərbaycançılıq şəklində formulə edilərək təbliğ olunurdu.
Tədqiqatçılar qeyd edirlər ki, Azərbaycan Cümhuriyyətinin ideoloji banisi Ə.Hüseynzadənin 1918-ci ilin may ayının 28-də öz təsdiqini tapan və arzuladığı dövlətin təşəkkülündə iştirakı barəsində xeyli faktiki material mövcuddur. Siyasi türkçülüyü sistem halına salan, türkləşmək, islamlaşmaq, avropalaşmaq düsturunun müəllifi Ə.Hüseynzadə yeni dünya düzənində tək Azərbaycan deyil, Rusiya əsarətində olan türklərin dövlət qurmaq imkanlarının nəzəriyyəsinin də müəllifidir.
Tarixi mənbələrdə qeyd edilir ki, 1917-ci ilin sonlarından başlayaraq Türkiyənin siyasi və hərbi çevrələrində, ədəbi-bədii mühitində böyük nüfuza malik Ə.Hüseynzadə və Əhməd bəy Ağaoğlunun sayəsində Azərbaycan Cümhuriyyəti mövzusu Türkiyədə yetərincə dəstək qazanır. Ziya Göyalp, Yunis Hadi, Əhməd Rəfiq kimi şəxsiyyətlər sayəsində Türkiyənin “İqdam”, “Təsviri-əfkar”, “Tan” kimi mətbu orqanlarında Azərbaycanın müstəqilliyi ideyası gündəmə gətirilir, Qafqazda türk dövlətinin qurulması üçün siyasi dəstəyin gərəkliyi təbliğ olunurdu. Yaranmış əlverişli tarixi fürsətdən yararlanan Ə.Hüseynzadə hələ 1918-ci ildə Rusiyanın siyasi çöküşünün qaçılmaz olduğunu görüb Turan heyəti tərkibində Türk dünyasının bir neçə önəmli şəxsi ilə Sofiya, Budapeşt, Vyana və Berlinə gedərək Rusiyadakı türklərin haqq və hüquqlarının qorunması, onların müstəqil dövlət qurmaq istəklərini Avropada bəyan etdi. Yusif Akçuranın, Məhəmməd Əsəd bəy Çələbizadənin, Mükəmmədin Baxçalının və Ə.Hüseynzadənin rəhbərliyilə Rusiya müsəlmanları türk-tatar millətlərinin müdafiə cəmiyyəti təsis olunub.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.