Hər dəfə həyata keçirilən icra başçıları həbsi ilə bağlı cəmiyyətdə ciddi müzakirələr aparılır. Bunun əsas səbəbi həbslərin konkret sübut və dəlilləri ortaya qoymaqla həyata keçirilməsi, bununla bağlı konkret video subutların ortaya qoyulması ilə bağlıdır.
Məlumdur ki, DTX-nın həyata keçirdiyi son əməliyyat zamanı İmişlinin icra başçısı Vilyam Hacıyevin həbsi özündən əvvəl eyni taleyi yaşayan həmkarlarından xeyli fərqləndi. Təsadüfi deyil ki, məhz bu amil sadə vətəndaşlar, jurnalistlər, hətta siyasilər arasında geniş müzakirələrə yol açdı. Söhbət axtarış zamanı icra başçısının evindən çıxan külli miqdarda puldan gedir. Həmin pulları gözəyarı hesablayanda məlum olur ki, təkcə xarici valyuta ilə olan əskinaslar formasında evdə saxlanan pulun miqdarı 10 milyona yaxındır. Haqlı olaraq vurğulanır ki, indi görün, bu adamın daşınmaz əmlak və ləl-cəvahirat formasında nə qədər yığımı var? Eyni zamanda bu belə bir məntiqi də ortaya qoyur - bir icra başçısının varidatı bu qədərdisə, onda uzun illər daha yuxarı postlarda çalışan yüksək çinli korrupsioner məmurlaraın nə qədər pulu var? Ölkə başçısı son çıxışlarında vurğulayıb ki, rüşvət, korrupsiya yalnız icra hakimiyyəti strukturlarında deyil, belə hallar digər dövlət qurumlarında da var. Deməli, Vilyam Hacıyevdən daha çox miqdarda pul oğurlayan korrupsioner bütün bu siqnallardan sonra vəsaitlərini hansısa üsulla evindən çıxarıb gizlətməyə çalışacaq. Hətta istisna deyil ki, həmin külli miqdarda pulun ölkədən çıxarılmasına da cəhd ediləcək. Bütün bunların qarşısını almaq üçün korrupsioner məmurlara necə nəzarət edilməlidir? Onlara hansı formada nəzərati gücləndirmək olar?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son vaxtlar bəzi rayonların İH strukturlarının rəhbərlərinin, onların müavinlərinin, digər sahələrdə fəaliyyət göstərən məmurların həbsi həqiqətən də ictimaiyyət tərəfindən maraqla qarşılanaraq izlənilir:“Bu istiqamətdə dövlətin, daha dəqiq ifadə etsək, Azərbaycan hakimiyyətinin atdığı addımlar, rüşvətxor, vəzifəsindən öz mənafeyi üçün sui-istifadə edən, dövlət büdcəsini talayan, insanların haqlarını yeyən və s. neqativ hallara bulaşmış məmurlara qarşı ortaya barışmaz mövqe qoymaq, əlbəttə ki, alqışlanmalıdır”. Partiya sədrininin sözlərinə görə, ilk növbədə özümüz üçün bir neçə sualı aydınlaşdırmaq lazımdır:“İlk olaraq elə özümüzə də birinci sualı verək: Rəhbər vəzifələrə təyin ediləcək bu kadrlar hansı şəxsi, mənəvi, işgüzar xarakterlərinə görə ölkə başçısına təqdim ediliblər və onların təyinatında həlledici rolu kim oynayıb? Axı həbs edilən şəxslərin tərcümeyi-halına qısa nəzər salsaq, biz onların heç də vəzifə pillələri irəliləmədən, ən azından fəaliyyət göstərdikləri sahə üzrə iş təcrübəsi toplamadan təyinatının şahidi oluruq. Hələ bu azmış kimi, qısa müddət ərzində çayçılıqdan, bilet satmaqdan və s. – idarəetməyə ümumiyyətlə dəxli olmayan sahələrdən rəhbər vəzifələrə fantastik dərəcədə başgicəlləndirici karyera sıçrayışı etmək onlara necə nəsib olub?”
Elşən Həsənov hesab edir ki, bu kadrların uzun müddət törətdiyi əməllər, o rayonlarda vəziyyətə nəzarət etməli olan hüquq-mühafizə, güc strukturlarının nəzarətindən yayınmamalıydı:“Axı özbaşına, qanunazidd olaraq atılmış addımlar yerli əhalinin narazılığına səbəb olduğu bir şəraitdə, yuxarıda adı çəkilmiş orqanların rayonlarda baş verənlərdən xəbərsiz olması, əlbəttə ki, inandırıcı görünmür. O zaman ortaya daha bir sual çıxır: onları, yumşaq desək, bu barədə susmağa nə vadar edib? Həbs edilən şəxslərin topladıqları sərvət barədə danışmaq istəməzdim. Səbəb sadədir – bu adamların işi-gücü qanunları pozaraq, insan haqlarını tapdalayaraq özlərinə sərvət toplamaq olub ki, bu da təbiidir. Bu adamlar dövləti maraqlar, milli maraqlardan savayı hansı əməlləri desəniz, etmişlər. Bəlkə bir az da dərindən araşdırılsa, onların öz sərvətlərini inandıqları şəxslərin adlarına sənədləşdirməsinin şahidi olarıq ki, bu da başqa bir söhbətin mövzusudur. Bütün bunların qarşısını necə almalı tipli üçüncü suala cavab isə çox sadədir. Təyinat məsələlərində daha diqqətli olmaq lazımdır. Bu müddət ərzində korrupsiya ilə bağlı barələrində siqnallar olan şəxslərə ciddi nəzarət olmalıdır ki, onlar oğurladıqlarını gizlədə bilməsinlər. Yaddan çıxarmaq lazım deyil ki, ölkəni, kadrlar idarə edir və ölkə hakimiyyətinə inamın qazanılmasında, imicin formalaşmasında kadrların rolu danılmaz və əvəzsizdir”.
Məhəmmədəli QƏRİBLİ