Azərbaycan dövləti həm daxildə, həm də xaricdə pandemiya ilə bağlı həyata keçirilən mübarizə tədbirlərinə əvəzsiz töhfələr verib. Ümumiyyətlə, ölkəmizin koronavirusla ümumbəşəri mübarizə istiqamətində göstərdiyi maddi-texniki, mənəvi dəstək jestləri dünya birliyi tərəfindən təqdir edilir. İndiyə qədər ölkəmiz bir sıra dövlətlərə maddi və mənəvi yardımlar göstərib və bu da onlar tərəfindən minnətdarlıqla qarşılanıb.
Məlum olduğu kimi, mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub və həmin mərasimdə Prezident İlham Əliyev olduqca məzmunlu çıxış edib, bu çıxışda yeni-yeni faktlar açıqlayıb.
“…Mən bunu demişəm, bir daha demək istəyirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda pandemiyaya qarşı mübarizə istiqamətində görülmüş tədbirləri yüksək qiymətləndirib, bizi nümunəvi ölkə adlandırıb. Bu, həqiqətən də belədir. Azərbaycanda həm ölkə daxilində, ilk növbədə, bütün lazımi tədbirləri görürük və beynəlxalq müstəvidə də öz sözümüzü deyirik. Mən deyə bilərəm ki, biz 10-dan çox ölkəyə yardım etmişik. Texniki yardım, maliyyə yardımı, təyyarələr göndərmişik, yük təyyarələri o ölkələrə ki, onlar bizə müraciət edib və onların maddi imkanları məhduddur, onların, belə deyək, müraciət edəcəyi başqa bir ölkə yoxdur. Ondan çox ölkəyə yardım etmişik və hesab edirəm ki, düz etmişik. Çünki məhz belə günlərdə, belə dövrdə insanların da, ölkələrin də əsl siması üzə çıxır. Yaxşı vəziyyətdə hər kəs hər kəslə dostdur. Hər kəs yaxşı sözlər deyir, beynəlxalq tədbirlərdə çıxışlar edir, qarşılıqlı dəstək haqqında danışır, amma əməldə bunu göstərmək lazımdır, əməldə. Biz o ölkələrdənik ki, əməldə bunu göstəririk...” - deyə Prezident İlham Əliyev vurğulayıb.
“Azərbaycan dövlətinin başqa ölkələrə təmənnasız yardımlar etməsinin özü də böyük bir humanizm jestidir”
“Novoe vremya” qəzetinin baş redaktoru, tanınmış siyasi icmalçı Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan dövləti pandemiya ilə mübarizə tarixinə ən çox yardım edən və bəşəriyyətdən öz təmənnasız yardımını əsirgəməyən dövlət kimi düşəcək. “Cənab Prezident Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında bir sıra məsələlərə toxundu, o cümlədən də Azərbaycana kömək üçün müraciət edən 10-dan artıq ölkəyə yardım edildiyini vurğuladı. Pandemiya dövründə Azərbaycan dövlətinin ona yardım üçün müraciət edən 10-dan artıq ölkəyə maddi-texniki yardım göstərməsi, təyyarə göndərməsi və sair təqdirəlayiq haldır. Belə ağır gündə ehtiyacı olan dövlətlərə Azərbaycanın yardım əlini uzatması dövlətimizin və Prezidentimizin humanistliyinin, yardımsevərliyinin örnəklərindən biridir. XXI əsrin ən ağır bəlası olan koronavirusla mübarizə istiqamətində dövlətimizin ona müraciət edən dövlətlərə yardım etməsi, dəstəyini əsirgəməməsi ancaq müsbət qiymətləndirilə bilər. Çünki hətta sanksiya tətbiq etmiş dövlətlər belə bu dövrdə bir-birinə yardım etməyə çalışırlar. Şükürlər olsun ki, Azərbaycanın imkanları bu yardımları etməyə çatır. Çox təqdirəlayiq haldır ki, Azərbaycan dövləti, ilk növbədə, ölkəmizdə koronavirusla ciddi mübarizə aparır, bütün mənalarda, vətəndaşların qayğısına qalır. Onların sağlamlığını qoruyur, eyni zamanda da başqa ölkələrə yardımlar edir”.
Azərbaycan dövlətinin yardım etdiyi 10 ölkənin adının çəkilməməsinə gəlincə, Ş.Ağayev hesab edir ki, Prezident Azərbaycan xalqının milli və islami dəyərlərini, eləcə də insanlıq və humanizm prinsiplərini əsas götürərək o ölkələrin adını qeyd etməyib. “Çünki peyğəmbərimizdən belə bir misal var: “Sağ əlin verdiyini sol əl bilməməlidir”. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycan dövlətinin yardım etdiyi ölkələrin adının çəkilməməsi o prinsipə söykənir ki, biz dövlət olaraq etdiyimiz bütün yardımları, yaxşılıqları təmənnasız, qarşılıqsız edirik, insanlıq naminə ehtiyacı olanların yanında ola bilirik. Azərbaycan dövlətinin başqa ölkələrə təmənnasız yardımlar etməsinin özü də böyük bir humanizm jestidir. Düşünürəm ki, hətta başqa dövlətlər də müraciət edərsə, bu yardım prosesi Azərbaycan dövləti tərəfindən davam etdirilə bilər. İstərdik ki, pandemiya bəlası bitsin və Azərbaycan dövlətinin imkanları daha da böyüsün, heç kimin yardıma ehtiyacı olmasın, amma ehtiyacı olanlara yardımlar göstərilsin, bu yardımlar pandemiya ilə bağlı olmasın, həmin ölkələrin iqtisadiyyatlarının dirçəldilməsi ilə bağlı olsun” - deyə Ş.Ağayev qeyd etdi.
İradə SARIYEVA