Ermənistanın işğal siyasətinin ifşa edilərək dünya miqyasında tənqid hədəfinə çevrilməsi istiqamətində Azərbaycan tərəfindən atılan addımlar düşmən ölkədə böyük təşviş yaradır. İndi burada açıq etiraf edilir ki, Ermənistanın Azərbaycana maneə yarada bilməsi artıq müşkül məsələdir. Əksinə, hətta erməni lobbisinin güclü olduğu yerlərdə belə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dilə gətirilməsinə heç kim əngəl ola bilmir. Buna elə ABŞ-da baş verənləri misal göstərmək olar.
Qeyd edək ki, burada nüfuzlu “Con Batçelor Şou” radio proqramında yenidən Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub və konfliktlə bağlı maraqlı fikirlər səslənib. Corctaun Universitetinin professoru, tanınmış mütəxəssis Brenda Şaffer burada bir daha bəyan edib ki, konfliktin çözümünə bu gün maneə olan tərəf məhz Ermənistan və erməni lobbisidir:"Erməni lobbisi regionda sülhün bərqərar olmasını istəmir". Professor Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən danışıqlar fonunda Ermənistanın və ermənilərin təxribatçı əməllərinin yolverilməzliyini, bunun yalnız sülhə mane olduğunu bildirib. B.Şaffer ABŞ-da yaşayan ermənilərin veb-saytlar və sosial şəbəkələr vasitəsilə müxtəlif təxribatlara əl ataraq xalqların sülhə hazırlanmasına mane olduğunu bildirib.
Bundan başqa, məlum olduğu kimi, son aylarda erməni lobbi təşkilatlarının və konqresmenlərin fəal səylərinə baxmayaraq, ABŞ Qarabağ separatçılarına göstərdiyi birbaşa yardımı dayandırıb. Amerika Tədqiqatları Erməni Mərkəzi yardımın bərpası üçün bütün cəhdlərin səmərəsiz qaldığını bildirib. Baş verənlərlə bağlı erməni ekspert Qarpis Paşoyan qeyd edir ki, hadisə Ermənistan hökumətinin ən böyük məğlubiyyətlərindən biridir: "Son iki ildə Vaşinqtonla konstruktiv dialoqa başlamaq üçün faktiki olaraq heç bir iş görülməyib. Üstəlik, Paşinyanın kabineti ardıcıl fəaliyyəti ilə Ermənistan-Amerika əməkdaşlığının ən pis və əlverişsiz mərhələsini qeydə alıb. Dövlətlərarası münasibətlər heç vaxt belə soyuq və qeyri-müəyyən olmayıb. Ermənistanın məğlubiyyəti, şübhəsiz ki, Azərbaycanın qələbəsidir. Bu vəziyyətin yaranmasında Azərbaycanın lobbi təşkilatları da böyük rol oynayıb. Lakin Ermənistan və ümumilikdə erməni amili öz yerində olsaydı, Azərbaycan lobbisi heç vaxt bu şəkildə irəliləyiş əldə edə bilməzdi”. Lakin ermənilərin mövqeyi təkcə okeanın o tayında sarsılmır.
Erməni lobbisinin güclü olduğu digər ölkə sayılan Fransada da indi Qarabağ həqiqətlərini dilə gətirənlərin sayı artır və bura çoxsaylı media orqanları da daxildir. Fransanın “taurillon.org” portalında münaqişə ilə bağlı dərc olunmuş növbəti yazı da qeyd edilənlərin daha bir təsdiqidir. Yazıda Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə məlumat verilir. Azərbaycan ərazisində erməni separatçılarının martda və apreldə keçirdiyi “prezident seçkiləri”nin qanunsuz və əsassız olduğundan söz açılır. Qeyd edilir ki, ayrı-ayrı ölkələr bu qondarma seçkiləri tanımadıqlarını bildiriblər. Avropanın və dünyanın digər ölkələrinin də eyni mövqe tutduğu göstərilir. Avropa İttifaqı, Qoşulmama Hərəkatı, ATƏT kimi beynəlxalq təşkilatların, eləcə də Böyük Britaniya, Almaniya, İtaliya, Çin, İsveçrə, Kanada, Avstraliya, Pakistan, Ukrayna, Finlandiya, Norveç kimi ölkələrin hər birinin eyni fikri – “beynəlxalq hüquqa, eləcə də mövcud siyasi prosesə riayət edilməlidir” fikrini bəyan etdiyi vurğulanır. Məqalədə erməni diplomatiyasının bu günə qədər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə əməl etmədiyi, qoşunlarını Dağlıq Qarabağdan hələ də çıxarmadığı bildirilir. Ermıni diasporunun güclü olduğu Rusiyada da Qarabağ həqiqətlərini səsləndirənlərin sayı artır və İrəvan bütün bunları özü üçün ciddi təhdid sayır. Ermənistanın iddialarına baxmayaraq, Rusiya Paşinyan rejiminə inanmır və münasibətlərdə gərginlik və etimadsızlıq hökm sürür. Ermənistanın “Hayeli” nəşri yazır ki, Bakı İrəvana sərt diplomatik zərbələr endirir:“Azərbaycan yaxın gələcəkdə təkcə təmas xəttində deyil, həm də diplomatik cəbhədə yeni bir sıra addımlar atacaq. Belə bir şəraitdə Ermənistan hakimiyyəti dəqiq hazırlanmış diplomatik addımlar atmalıdır. Ermənistan hakimiyyətinin beynəlxalq platformalarda Azərbaycana qarşı işi yetərli deyil. Bu, açıq şəkildə erməni diplomatiyasının uğursuzluğu deməkdir”. Həqiqətən də Azərbaycan tərəfinin qətiyyətli mövqeyi qarşısında erməni tərəfi birmənalı şəkildə duruş gətirə bilmir. Bu durumda yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli modelinin işə salınmasına razılıq verməklə Ermənistan özünü də xilas edə bilər və dünya miqyasında biabırçı duruma düşməz. Bu modelə əsasən, öncə Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi və erməni silahlı qüvvələrinin oradan çıxması, sonra öz yurdlarından didərgin düşən azərbaycanlıların evlərinə qaytarılması mühümdür. Ardınca kommunikasiyaların açılması, sabitlik yaranandan sonra isə Azərbaycan qanunları çərçivəsində bölgənin statusunun Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində həll edilməsi baş tutmalıdır. Elə son günlər aktullaşan mərhələli həll də məhz bunu ehtiva edir. Ermənistan buna razılıq verməsə, baş verənlərdən lazımi nəticələr çıxarmasa, daha çox diplomatik, ardınca isə sərt hərbi məğlubiyyətə məruz qalacaq. Bunu rusiyalı ekspert Vitali Arkov da xüsusi olaraq vurğulayır. O, ağır duruma düşən Nikol Paşinyan iqtidarının münaqişənin həllinə razılıq verməsini vacib sayır: “Ermənistanda mövcud hakimiyyətin durumu ağırdır. Artıq dəqiq demək olar ki, Nikol Paşinyanın marionet rejiminin süqutuna çox az qalıb: xalqın qəzəbi onu “Soros yuvasının cücələri" ilə birlikdə yıxacaq. Ümid edək ki, Paşinyanı əvəz edəcək yeni rəhbərlik ölkəni fəlakətdən xilas etməyə, beynəlxalq vəziyyəti sağlam qiymətləndirməyə qadir olacaq və anlayacaq ki, daha öncə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək və Qarabağ probleminin mərhələli şəkildə həllinə başlamaq onun da xeyirinədir. Yəni ilk növbədə işğal altındakı Azərbaycan rayonları tam olaraq Bakının nəzarətinə verilməlidir və yalnız bundan sonra İrəvan Dağlıq Qarabağın gələcəyi barədə mümkün müzakirəyə ümid edə bilər". O əlavə edib ki, Bakı Ermənistanda uzun illərdir millətə yalan və uydurma təbliğat aparıldığını və beyinlərin yuyulduğunu yaxşı anlayır. Ona görə də bilir ki, Ermənistandakı istənilən hakimiyyət üçün cəmiyyətin fikrini dəyişmək və onu konstruktiv mövqeyə gətirmək asan deyil:“Buna görə Bakı İrəvana vaxt da verə bilər. Azərbaycan Türkiyə ilə birlikdə blokada rejiminin yumşaldılması ehtimalını müzakirə etməyə hazırdır - lakin əlbəttə ki, İrəvanın işğal olunmuş rayonlarla bağlı öz öhdəliklərini yerinə yetirməsindən sonra”. Təbii ki, Ermənistan buna getməsə, Azərbaycanın güc amilini işə salması qaçılmazdır. Bunun məsuliyyəti isə, Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın qeyd etditi kimi, İrəvanın üzərinə düşür. Belə ki, Nikol Paşinyanın bu günlərdə parlamentdə çıxışı zamanı münaqişənin həlli ilə bağlı mövqeyinin 2018-ci ildən bəri zərrə qədər də dəyişmədiyi barədə bəyanatını şərh edərkən o, Ermənistan baş nazirinin bu bəyanatı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına məhz Ermənistanın əngəl törətdiyini etiraf etmiş olduğunu bildirib:"Bu bəyanat kimin danışıqlardan imtina etdiyini, kimin beynəlxalq ictimaiyyətin, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina etdiyini, beləliklə də, kimin münaqişənin tənzimlənməsinə mane olduğunu açıq şəkildə göstərir. Ermənistan rəhbərliyi bu açıqlamaların münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə heç də xidmət etmədiyini anlamalı və nəhayət dərk etməlidir ki, Azərbaycan öz Konstitusiyasına və beynəlxalq hüququn norma və prinsiplərinə istinadən beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edəcək. Münaqişənin həlli çərçivəsində yarana biləcək hər hansı gərginliyin məsuliyyəti isə Ermənistan tərəfinin üzərindədir". Hər halda, real mənzərə bundan ibarətdir ki, Azərbaycan diplomatik müstəvidə Ermənistana sarsıdıcı zərbələr vurub. Indi Azərbaycan bunu hərbi sahədə də etməyə hazırdır. Ermənistan müvafiq nəticələr çıxarb münaqişənın dinc müstəvidə həllinə dair real gedişlər etməsə, hərb qaçılmazdır. Buna qədər isə Azərbaycan diplomatiya sahəsində Ermənistanın mövqelərini sarsıtmaqda davam edəcək.
Ermənistanın mövcud rəhbərliyi regional və beynəlxalq reallığı düzgün dərk edib nəticə çıxarmadığı halda, ölkənin iflası və özünütəcridi daha da dərinləşəcək. İrəvanın siyasi, iqtisadi, sosial, demoqrafik və diplomatik böhrandan çıxmağının yeganə yolu işğal siyasətinə son qoyması, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarması, qonşu dövlətlərlə sivil əsaslarla münasibət qurmasıdır. İndilikdə isə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət işğalçı Ermənistanı daim küncə sıxışdırmaqla mümkün qədər tez işğal faktına son qoymağa hesablanıb. Strateji balansı öz lehinə dəyişmək istəyən Ermənistan hər dəfə Azərbaycanın zərbələri ilə daha pis duruma düşür.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.