Erməni faşizminin ciddi təhdid mənbəyi olaraq qaldığına dair Azərbaycan tərəfinin etdiyi gedişlərə dəstək verənlərin sayı artır. Bu durumda Azərbaycan qeyd edilən təhdidin hələ də tam aradan qalxmadığını hər fürsətdə dünya ictimaiyyətinə çatdırmaqda davam edir. Qeyd edilən səpkidə, xüsusən Prezident İlham Əliyev tərəfindən atılan adımlar, görülən işlər daha çox diqqət cəlb edir.
Yeri gəlmişkən qeyd edək ki, dövlət başçısı TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bu məsələyə yenidən toxunub. O, bəzi ölkələrdə ikinci dünya müharibəsi abidələrinə münasibətdə vandalizm aktının hörmətsizlik və iyrənclik hissi yaratdığını deyib. Keçmiş SSRİ məkanında xüsusilə belə şeylərin görünməsinin xoş olmadığını bildirib. Bundan əlavə, Prezident müsahibə zamanı yenidən Ermənistanda faşist Qaregin Ter-Arutyunyana abidə ucaldılması məsələsinə toxunub:“Belə insana Ermənistanda altı metrlik abidə ucaldılır, açılışında bu ölkənin prezidenti, keçmiş prezidenti iştirak edir. Bu məsələni qaldırmaqla mən MDB-dəki həmkarlarımın diqqətini ona cəlb etmək istəyirdim ki, biz gərək özümüzdə, öz təşkilatımızda bütün “və”lərə nöqtə qoyaq. Biz burada politkorrektəlik, selektivlik, kiminsə xətrinə dəyməmək prinsiplərini rəhbər tutmamalıyıq. Biz gərək həqiqəti deyək, əks təqdirdə bu təşkilat formatında diskussiya mənasını itirəcək. Mən güman edirdim ki, özünü demokrat kimi təqdim edən Ermənistanın yeni rəhbərliyi mənim təşəbbüsümü dəstəkləyəcək. Təəssüf ki, mən başqa şey gördüm. Erməni nümayəndə heyətinin rəhbəri, Baş nazir bu canini müdafiə edərək, Ter-Arutyunyanın düşərgədə olması faktının əhəmiyyət daşımadığını, Soljenitsının da düşərgədə olduğunu dedi. Bilirsiniz, mən protokolu pozub, yenidən söz istədim və dedim ki, Soljenitsını faşistlə müqayisə etmək həyasızlığın zirvəsidir. Bütün bunlar böyük təəccüb və çaşqınlıq yaradır, həmçinin Ermənistanda hakimiyyətin dəyişəcəyi, amma rejimin əvvəlki kimi qalacağı fikrinə gətirib çıxarır”.
Burada bir daha qeyd edək ki, Ermənistanda faşist Njdenin qəhrəman obrazının yaradılması ilə bağlı məsələni İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında qaldırıb. Dövlət başçısı faşistlərin qəhrəman kimi qələmə verilməsini qətiyyətlə pisləyib, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını vurğulayıb. İlham Əliyev 2019-cu ildə Rusiya Xarici İşlər Nazirliyinin təqdim etdiyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrıseçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzədən sitat gətirərək deyib ki, Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb. Ermənistan paytaxtının mərkəzində faşist cəlladı və satqın Qaregin Njdeyə heykəl qoyulmasını kəskin şəkildə pisləyən və bunu faşizmin təbliği kimi dəyərləndirən Azərbaycan Prezidentinin bu çıxışı geniş əks-səda doğurdu. Hətta iş o yerə gəlib çıxdı ki, Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyadı. Daha sonra Armavir şəhərində erməni Qaregin Njdenin xatirə lövhəsi söküldü. Burada onu da xatırladaq ki, Qaregin Njde Böyük Vətən müharibəsi illərində nasional sosialistlərin erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb.
İndi İkinci Dünya müharibəsində qazanılan qələbənin növbəti ildönümündə erməni faşizminin yenidən gündəmə gətirilməsi İrəvan üçün yeni diplomatik zərbə sayılır. Rusiyanın “Vestnik Kavkaza” informasiya agentliyi yazır ki, Bakı bu məsələdə İrəvana təzyiqlər göstərməkdə davam edəcək:“Burada Ermənistan zəif mövqedədir. Çünki İrəvanın Qaregin Njdenin cinayətkarlığına münasibətdə ritorikası elə fikir yaradır ki, nasistlərlə əlbirlik indiki Ermənistan üçün cinayət hesab edilmir. Amma dünya, xüsusən də Rusiya tamam fərqli mövqedədir. Ruslar, ukraynalılar, azərbaycanlılar, belaruslar o dövrdə ümumi vətəni qorumaq üçün, qələbə uğrunda həyatlarını qurban veriblər və bu gün kimliyindən, millətindən asılı olmayaraq, Njde kimi faşist cinayətkarları qəhrəmanlaşdırmağa çalışdıqda, bu, Üçüncü Reyxin həyata keçirdiyi siyasətə birbaşa havadarlıq kimi qəbul olunur. Faşist havadarları olan satqınlara bəraət qazandırılması ortaq həqiqəti, ümumi böyük qələbəni qorumaq baxımından qəbuledilməzdir”. Agentlik vurğulayır ki, Azərbaycan bundan sonra da faşizm məsələsini qabardaraq bu məsələdə daha çox dövlətin yanında yer almasına çalışacaq. Bu isə, öz növbəsində, Ermənistanın daha çətin durumda qalması demək olacaq. Xüsusən də Rusiyanın bu məsələyə konkret reaksiya sərgiləməsi olduqca vacibdir. Moskvada hesab edilir ki, KTMT və MDB üzvü olan Ermənistan hökuməti tərəfindən belə mövqe tamamilə qəbuledilməzdir.
Nahid SALAYEV
.