Görkəmli tarixçi və mədəniyyətşünas professor İbrahim Qəfəsoğlunun “Türk milli kültürü” kitabı Uluslararası Türk Kültürü Təşkilatı - TÜRKSOY kitabxanası seriyasından AMEA-nın Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə işıq üzü görüb. “Türk milli kültürü” kitabını türkcədən dilimizə uyğunlaşdıran və ön sözün müəllifi professor Ramiz Əsgərdir. Kitabın elmi redaktoru akademik Muxtar İmanov, redaktorları isə Əli Şamil və Nailə Əsgərdir.
Nəşrin anatasiyasında qeyd edilir ki, görkəmli tarixçi və mədəniyyətşünas professor İbrahim Qəfəsoğlunun “Türk milli kültürü” əsəri türkoloqların masaüstü kitabıdır.
Müəllif yazdığı əsərdə kültürün yaranması haqqında nəzəriyyələri təhlil edir, “türk” adı, türk soyu, türklərin ana yurdu, yayılmaları, qurduqları dövlətlər haqqında bilgi verir, bozqır kültürünün əsasları, mənşəyi və təşəkkülü məsələlərini araşdırır. Eyni zamanda da bozqırın sosial quruluşunu, yəni oğus (ailə), uruğ boy/bod, ok bodun, il/el (dövlət), ulus (ölkə), kün (xalq) və törə (qanun) kimi terminləri, əski türk elində dövlət məclisi, hökumət, hökümdar (elik), xatun, vəliəhd (elik bəy), diplomatiya (elçi-bilgəlik), ordu (sü), ədliyyə kimi anlayışları izah edir, mif, dastan, yazı, təhsil, musiqi, təqvim, düşüncə, əxlaqdan söz açır, türk islam dövrünün ən mühüm qurum və quruluşlarının mahiyyətini göstərir, elm, fəlsəfə, ədəbiyyat, sənət haqqında ətraflı məlumatlar verir.
Qeyd edək ki, əsər həmçinin ali məktəblərin filologiya fakültələrinin müəllim və tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
4 fəsildən ibarət olan nəşrdə türk tarixinin gerçək siması görsənir.
İRADƏ