Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində iyulun 2-də Qarabağ Universitetində “Birinci Türkoloji Qurultayın elmi və mədəni mirası” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru Şahin Bayramov açılış nitqində bildirib ki, Qarabağ Universitetinin əsas hədəflərindən biri Türk dünyasını təmsil edən elm və təhsil ocaqları ilə əməkdaşlığın genişləndirilməsinə töhfə verməkdir. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması haqqında imzalanan Sərəncam Azərbaycanın uzun illərdir türk birliyinin möhkəmləndirilməsinə verdiyi töhfələrin bariz göstəricisidir. Bildirilib ki, mədəniyyət dövlətlərarası münasibətlərdə ən mühüm birləşdirici amillərdən biridir və bu sahədə əməkdaşlıq Türk dünyasının inteqrasiyasına xidmət edir. Nazir müavini əlavə edib ki, işğaldan azad olunan Qarabağda dövlət tərəfindən genişmiqyaslı və kompleks bərpa-quruculuq layihələri həyata keçirilir. Bu proses təkcə yeni infrastrukturun yaradılması ilə məhdudlaşmır, eyni zamanda tarixi-mədəni və mənəvi irsin yaşadılmasını hədəfləyir. Daha sonra konfrans Qarabağ Universiteti Elm şöbəsinin müdiri dosent Elçin İbrahimovun moderatorluğunda panel sessiya ilə davam edib. Sessiyada Ankara Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları bölməsinin dosenti Mehmet Rza Heyət, “Ədəbiyyat qəzeti”nin baş redaktoru filologiya üzrə fəlsəfə doktoru Azər Turan, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi, eləcə də Rusiya Federasiyası Tatarıstan Elmlər Akademiyası Tarix İnstitutunun professoru İsmət Zaatov çıxış ediblər. Alimlər Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi-mədəni inteqrasiyasında oynadığı tarixi rol, ortaq dil və ədəbiyyatın inkişafı, elmi əməkdaşlıq ənənələrinin formalaşması və bu irsin müasir dövrdə müasir elmi yanaşmalarla yenidən dəyərləndirilməsini qeyd ediblər. Türk dövlətləri arasında akademik və mədəni əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Konfransın sonunda Azərbaycandan və digər ölkələrdən bir qrup alim və mütəxəssisə Mədəniyyət Nazirliyinin təsis etdiyi “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı təqdim olunub.
İRADƏ