Əbdül Mahmudov: “Bu məsələ ilə Ədliyyə Nazirliyi bu işlə artıq aktiv məşğul olur”
Aydın Kazımzadə: “Ədliyyə Nazirliyi ona görə qəbul etməyib ki, seçki legitim olmayıb”
Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən son sədr seçkisi Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilməyib.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının son sədr seçkilərində yeganə namizəd kimi Əli İsa Cabbarovun namizədliyi irəli sürülmüş və onun sədr seçildiyi açıqlanmışdı. Daha sonra seçkilərin nəticələri protokollaşdırılaraq təsdiq olunması üçün Ədliyyə Nazirliyinə göndərilib. Lakin nazirlik Əli İsa Cabbarovun sədr seçilməsini təsdiqləməyib, seçkilərin nəticələrini rədd edib. Bununla da Əli İsa Cabbarovun sədr seçilməsi rəsmiləşdirilməyib.
Məlumata görə, Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən son seçkilər zamanı qalmaqal yaşanmışdı. İttifaqın hazırkı katibi Əli İsa Cabbarov, qurumun sədri, Xalq artisti Rasim Balayevin vəfatından sonra bir sıra qanunsuzluqlara yol vermiş və bu əsasla qurumda Hesablama Palatası tərəfindən yoxlamalar aparılmışdı.
Nə baş verdiyini öyrənmək üçün Əli İsa Cabbarovla əlaqə saxlamağa cəhd göstərsək də, alınmadı. Ümid edirik ki, Əli İsa Cabbarov bu məsələyə ətraflı aydınlıq gətirəcək.
Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən son sədr seçkisi Ədliyyə Nazirliyi tərəfindən niyə təsdiq edilməyib? Səbəb nədir?
Xalq artisti Əbdül Mahmudov baki-xeber.com-a bildirdi ki, əslində qurultay keçirilməyib, kino ağsaqqallarının iştirak etmədiyi bir yığıncaq, toplantı keçirilib. “Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı keçirilməyib, sadəcə toplantı keçirilib. Bu toplantıda da qanunsuzluqlar baş verib. Qurultay keçirilməyib və Ədliyyə Nazirliyinə təqdim olunan sənədin rəsmiləşdirilməməsi də qanuna uyğundur. Azərbaycan Kinematoqrafçılar İttifaqı dövlət büdcəsindən maliyyələşən bir qurumdur və orada hər şey qanun çərçivəsində olmalıdır. Kino yiyəsiz deyil, kinonun sahibləri var. Başda mən olmaqla kinonun ağsaqqalları yığışıb bir konfrans keçirəcəyik və Şəfiqə Məmmədovanı quruma sədr qoyacağıq. Şəfiqə xanım öz vəzifəsində olmalıdır. Bu gün canlı korifeylər dura-dura Əli İsa Cabbarovun gəlib onlara rəhbərlik etmək istəməsi gülməlidir. Ehtiyac olmadan özünü niyə rüsvay etdi, bilmirəm. Yəqin ki, cəzasını alacaq.
Bu məsələ ilə Ədliyyə Nazirliyi bu işlə artıq aktiv məşğul olur, Hesablama Palatası da öz işini görür. Qərarı qanun çərçivəsində Ədliyyə Nazirliyi verəcək. Bu bizdən aslı məsələ deyil. Orada nələr olub, qanuna zidd əməllər, qanunsuz qəbuletmələr olub, bu artıq bizim problem deyil, bunu araşdırmaq nazirliyin işidir.
Kinonun ağsaqqaları isə öz üzərinə düşəni edəcək”.
Ə.Mahmudov qeyd etdi ki, Ə.İ.Cabbarovun belə bir təşəbbüsdə olması qəbuledilməzdir. O, hesab edir ki, Cabbarov səhv edib və o səhvlərini etiraf edib günahını yumaqdansa kino xadimlərinə qarşı qara piar kampaniya təşkil etdirir. “Ağsaqqalların əleyhinə təhqiramiz yazılar təşkil etdirir, şantajla məşğul olur. Bu adam dövlət səviyyəsində aparılan bu yoxlamaların nəticəsindən çəkinmir. Yəni o, qanunsuz fəaliiyət göstərib. Dövlətin ən ali təşkilatlarından olan Ədliyyə Nazirliyi və Hesablama Palatası bu işlə məşğuldur. O günahlarını yumaq əvəzinə mənasız, təhqiramiz yazılar təşkil edir”.
Ş.Məmmədovanın sədr olmaq üçün razı olub olmadığına gəlincə, Ə.Mahmudov qeyd etdi ki, razıdır. “Şəfiqə xanım ittifaqda birinci müavindir, rəsmi orada oturub. Bu adi idarə heyəti üzvüdür. Sadəcə olaraq Rasim Balayev xəstə olanda səlahiyyəti nəyə görə isə Əli İsa Cabbarova verib? Halbuki, Şəfiqə xanım orada birinci müavindir, Balayevdən sonra ikinci şəxs idi. Şəfiqə xanım sakitcə yerində oturub və bu işlərə qarışmayıb. Əli İsa Cabbarov da Rasim Balayevin xəstəliyindən sui-istifadə edib bu işləri görüb. Əslində bu adam gəlib deməlidir ki, bu işləri qaydasına qoyaq, amma demir.
Bu hadisələrdən əvvəl Əli İsa Cabbarovla görüşdük, danışdıq, dedim ki, sən bu işlərdən kənarda dur, ittifaqdakı vəzifəni davam etdir, bu sənin yox, bizim işimizdir. Razılaşdı mənimlə, öpüşüb-görüşüb ayrıldıq, amma o sözünün üstündə durmadı və o toplantını təşkil etdi. Saxta olduğu üçün də nəticə Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənmədi”-deyə Ə.Mahmudov qeyd etdi.
Kinoşünas Aydın Kazımzadə baki-xeber.com-a bildirdi ki, seçki legitim olmayıb: “Ədliyyə Nazirliyi ona görə qəbul etməyib ki, seçki legitim olmayıb. O toplantıda iştirak etməmişəm, ora getməzdim də. Bilirsiz, qurultay hər zaman keçirilə bilməz ki. Keçirilən də qurultay deyildi. Qurultay bir neçə ildən bir keçirilir. İttifaqda birinci katib var. Sədr rəhmətə gedəndən sonra avtomatik şəkildə birinci katib sədrin bütün vəzifələrini ifa edir. Bu qurultaya qədər davam edir. Bu mənada Şəfiqə xanım avtomatik şəkildə sədrin vəzifələriniicra etməli idi. Amma belə olmadı, bildiyiniz hadisələr baş verdi. Belə olmaz axı.
Yəni birinci katibin sədrin səlahiyyətlərini icra etməsi yeni deyil. Qara Qarayev də, Tofiq Quliyev rəhmətə gedəndən sonra belə olub. İndi bunlar özlərindən iş çıxarırlar”-deyə A.Kazımzadə bildirdi.
Səsləndirilən ittihamlarla bağlı Əli İsa Cabbarovun da mövqeyini işıqlandıra bilərik.
Leyla QARAXANLI