Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıb.
Belə ki, DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə cari il iyul ayının 31-də saat 23 radələrində Xətai rayonunun M.Hadi və Vunq Tau küçələrində Bakı şəhər sakinləri R.Fərzəliyevin “Toyota”, Ş.Nəsibovun və M.İsgəndərovun “Mercedes”, Y.Hüseynovun “Nissan” markalı avtomobillərindən yan güzgülərinin şüşələrinin oğurlandığı barədə müraciətlər daxil olub.
Dərhal Xətai RPİ 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanıb və oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanıb. Araşdırmalarla onun Bakı şəhər sakini Fərman Heydərov olduğu müəyyən edilib.
Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Z.Əhmədbəyov küçəsində Sumqayıt şəhər sakini Z.Məmmədovun “Mazda” markalı avtomobilindən 1300 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev saxlanıb.
Nəsimi RPİ 20-ci Polis Bölməsinin əməkdaşları Bakı şəhər sakini P.Quliyevin “Hyundai” markalı avtomobilindən 87 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Elvin Məmmədov saxlayıb.
Hər üç faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı