Bir neçə gün əvvəl Qusar rayonunda toy karvanında iştirak edən bir gəncin hərəkətdə olan avtomobillərə məhəl qoymayaraq avtoxuliqanlıq etməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı.
DİN Mətbuat Xidmətinin Quba rayon regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik edən gəncin şəxsiyyəti müəyyənləşdirilib.
Araşdırmalarla “İnfiniti” G35 markalı 10-XO-038 dövlət nişanlı avtomobillə xuliqanlıq etmiş gəncin Məhəmməd Qədimov olduğu məlum olub. M.Qədimov Qusar RPŞ-nin DYPB əməkdaşları tərəfindən saxlanaraq, barəsində inzibati qaydada protokol tərtib olunub. Bununla əlaqədar Qusar rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib.
Bir daha qeyd etmək istəyirik ki, toy karvanlarında avtoxuliqanlıq edərək digər şəxslərin həyatını risqə atmaq qəbuledilməzdir və belə hərəkətlər ətrafdakı insanlara hörmətsizlik göstəricisidir.
Nizam HƏMİDOV DİN Mətbuat Xidmətinin əməkdaşı