"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası istiqamətində respublikanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən zəruri tədbirlər 2018-ci ilin ötən dövründə də uğurla davam etdirilir.
Daxili Uşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətlərinin məlumatına görə, iyul ayının 28-dən 31-dək respublikanın Şimal-Qərb bölgəsindəki meşə massivlərində Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti qurumları əməkdaşlarının, həmçinin Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hərbi qulluqçularının iştirakı ilə "Xaş-xaş 2018" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.
Xüsusi təyinatlı nəqliyyat vasitələrinin və helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin xüsusi aqrotexniki qaydada - kultivasiya yolu ilə yetişdirilməsinə dair faktlar müəyyən olunub. Həmin faktlar üzrə ümumi çəkisi 310 kiloqram olan 530 ədəd çətənə kolu, xalis çəkisi 16 kiloqram 670 qram olan qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işləri başlanaraq zəruri əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.
Xüsusi əməliyyat və profilaktik tədbirlərin davamı olaraq həmin ərazilərdə yabanı halda bitmiş, ümumi çəkisi 8,5 ton olan 13 min 500 ədədə yaxın çətənə kolu da aşkar olunaraq məhv edilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı analoji tədbirlər davam etdirilir.