Bakıda atışma olub. APA bildirir ki, şahidlərin verdiyi məlumata görə, hadisə bu gün saat 11.30 radələrində Zabrat qəsəbəsi, 307 saylı orta məktəbin qarşısında qeydə alınıb. Bir nəfər naməlum şəxs iki kişini güllələyib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.
Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən faktı təsdiqləyiblər.
Bildirilib ki, güllələnən şəxslərdən biri hadisə yerindəcə keçinib. Digəri isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, güllələnənlərdən 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayev hadisə yerində keçinib.
Onun qohumu, 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxsin kimliyi isə hələlik bilinmir.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Hadisə şahidləri isə APA-ya bildiriblər ki, hadisə qisas zəminində törədilib. Belə ki, qətlə yetirilən Y. Musayevin atası Rabil Musayev iki il əvvəl hadisəni törədən şəxsin qohumunu qətlə yetiribmiş. Həmin şəxs də qisas almaq məqsədi ilə bu addımı atıb.