Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib. Gədəbəy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayon mərkəzində yerləşən gözəllik salonlarının birində qeydə alınıb. Naməlum şəxs rayon sakini, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, F.Aslanova bu gün toyu olduğuna görə salona gəlibmiş.
Gədəbəy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, qətli Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu törədib. O, keçmiş həyat yoldaşı - 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanı rayon mərkəzində yerləşən gözəllik salonlarının birində qətlə yetirərək hadisə yerindən qaçıb.
Hadisənin qısqanclıq zəmində baş verdiyi bildirilir. Onların boşandıqları və bu nikahdan bir övladlarının olduğu bildirilib.
E. Qasımovun saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Gədəbəy rayon Prokurorluğunun müstəntiqi Emin Abbasov isə Milli.Az-a bildirib ki, qətlə yetirilən qadın gəlin deyil və bu gün toyunun olması yalandır. F.Aslanova bir neçə il əvvəl ərə gedib və iki uşağı var. Onun bu gün işlədiyi gözəllik salonunda qətlə yetiriblər. İlkin ehtimala görə, onu əri öldürüb.
Kəpəz TV isə xəbər verir ki, hadisə qadının çalışdığı gözəllik salonunda baş verib. Hələlik hadisəni törədən Elçin Qasımovu saxlamaq mümkün olmayıb. Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb.