Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bu günlərdə baş verən qətlin təfərrüatları məlum olub. «Baki-xeber.com»un ilkin mənbədən əldə etdiyi məlumata görə, anası Esmira Əzimovanı qətlə yetirən Elvin Əzimov neçə illərdir narkotik aludəsidir. Elə hadisə baş verən zaman da o, psixotrop maddənin təsiri altında olub. Toylarda musiqiçiliklə məşğul olan atası Elçin Əzimov adətən evə gec - toy bitdikdən sonra gəlirmiş. Həmin gün də ata gecə saatlarında işdən qayıdıb qapının zəngini çalır. Mərhum ana qapını açmaq istəyəndə güclü psixotrop maddənin təsiri altında olan oğul «açma, polislərdir, məni aparmağa gəliblər» deyə təşvişə düşür. Ana isə "nə polis, atandır" deyib qapını açmaq istəyəndə oğul bıçağı götürərək anasının kürəyinə iki zərbə endirir, çaşqın ana geri dönmək istədikdə isə bıçağı onun ürəyinə sancır və ana yerindəcə keçinir. Yalnız bundan sonra etdiyi əməlin fərqinə varan qatil oğul, atası qapıda olduğundan, otağa cumub balkondan atılmaqla qaçmağa cəhd göstərir və 3-cü mərtəbədən atılması nəticəsində hər iki ayağını sındırır.
Hazırda cinayəti törədən Elvin Əzimov polis nəzarətindədir. Dəhşətlisi odur ki, anasını gənc yaşlarında həyatdan məhrum edən bu başabəla oğul istintaqa ilkin ifadəsində onu guya «namus üstündə» qətlə yetirdiyini deyərək mərhuma qara yaxmaqdan da çəkinməyib və bununla özünə bəraət qazandırmağa çalışıb. Baş verənlərdən şoka düşən bədbəxt ata isə işi araşdıran müstəntiqə yalnız bunları deyə bilib: «O mənim oğlum deyil, o mənim arvadımın qatilidir».
Faktla bağlı açılan cinayət işinin istintaqı davam edir.