“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan vətəndaşı Sevinc Əlisəfa qızı Hüseynovanın ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyənin səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə məktəb direktoru vəzifəsində işləyən Sevinc Əlisəfa qızı Hüseynova qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə bir neçə şəxsin ümumilikdə 69 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən Sevinc Hüseynovanın qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, təkrar törədilməklə dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sevinc Hüseynova Türkiyə ərazisində saxlanılıb.
Sevinc Hüseynovanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən tədbirlər görülür.
Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycana gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı davam etdirir.
ZÜMRÜD