"Koti" kimi tanınan tiktoker Zeynəb Zeynallı həbs edilib. Mətbuatın yaydığı məlumata görə, qərarda yazılıb ki, 25 yaşlı Z.Zeynallı "this.koti" adlı səhifəsində əxlaqsız ifadələr, söyüşlər səsləndirib, 300 min nəfərə yaxın izləyicisi olan səhifə üzərindən cəmiyyətə qarşı açıqca hörmətsizlik edib. "Koti" özü də məhkəmədə təqsirini etiraf edib. Hakim onun geniş izləyici kütləsinin olmasını və nalayiq paylaşımları dəfələrlə təkrarlamasını əsas gətirərək 8 günlük həbs edilməsinə qərar verib. "Koti" məhkəmə zalından birbaşa saxlanılma məntəqəsinə aparılıb. Qeyd edək ki, bu onun ilk həbsi deyil. 2025-ci ildə də o, qanunsuz qumar oyunlarını təbliğ etdiyi üçün məhkəmə önünə çıxarılıb. Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə tiktoker özünü təqsirli bilərək əməlini etiraf etmişdi. O, 2023-2025-ci illərdə özünə məxsus instaqram hesabında qanunsuz mərc saytlarını reklam etdiyini, bunu bir daha təkrarlamayacağını bildirmişdi. Leyla QARAXANLI