Rusiya paytaxtında 28 yaşlı azərbaycanlı güllələnib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə Moskva vilayətinin Domodedovo şəhərində baş verib. Martın 5-də saat 23:00 radələrində 28 yaşlı Azərbaycan vətəndaşı yaralı vəziyyətdə Domodedovo Mərkəzi Şəhər Xəstəxanasına gətirilib.
Aparılan araşdırma nəticəsində azərbaycanlının iki yoldaşı ilə birlikdə kafedən çıxarkən güllələndiyi məlum olub. Naməlum şəxs ona odlu silahdan atəş açıb.
Ağır yaralanan Azərbaycan vətəndaşı xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Odlu silahdan açılan atəşlə öldürülən 1987-ci il təvəllüdlü Urfan Arzuman oğlu Həsənlinin qətli üzrə açılmış cinayət işi çərçivəsində artıq 2 nəfər şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə regional bölməsinin icraçı direktoru Araz Mürsəliyev məlumat verib.
A. Mürsəliyev bildirib ki, hadisə martın 5-də axşam saat 23:00 radələrində Domodedovo şəhərində yerləşən "Vostok" kafesində baş verib: "28 yaşlı Urfan Həsənli kafedən çıxarkən naməlum şəxs ona tapançadan atəş açaraq hadisə yerindən qaçıb. Urfan Həsənli döş nahiyəsindən ağır yaralanıb.
Hadisə baş verərkən tanışları İsmayıl və Bəxtiyar adlı şəxslər onun yanında olub. Onlar yaralını maşına mindirərək Domodedovo Şəhər Xəstəxanasına çatdırıblar. Lakin Urfanın həyatını xilas etmək mümkün olmayıb”.
Qətli törədən şəxsin zahirən qafqazlıya bənzədiyi bildirilir.