Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ədliyyə Nazirliyi arasında 2014-cü ilin martında imzalanmış müvafiq Tədbirlər Planına uyğun olaraq, penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərin peşə reabilitasiyasına cəlb edilməsi istiqamətində işlər davam etdirilir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, martın 5-dən etibarən Bakının Nizami rayonundakı 6 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkmə müddəti cari ilin ortalarında başa çatacaq 16 nəfər şəxs üçün peşə hazırlığı kursuna başlanacaq. Cəzaçəkmə müəssisəsinin nəzdindəki peşə məktəbinin bazasında həmin məhbuslar iki ay müddətində müvafiq peşə təlimi keçməklə, mebel quraşdırıcısı peşəsinə yiyələnəcəklər. Cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonra onların yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün yaşadıqları ərazi üzrə məşğulluq orqanları tərəfindən müvafiq işlər aparılacaq.