Ötən gün Moskva şəhərinin cənub-şərqində tikinti gedən ərazidə Azərbaycan vətəndaşı güllələnib. APA-nın "mskagency.ru” saytına istinadən xəbərinə görə, binadakı mənzildə boyama işləri ilə məşğul olan işçilər atəş səsi eşidiblər və polis çağırıblar.
Hadisə yerinə gələn polis əməkdaşları başından, kürəyindən və qasıq nahiyəsindən güllə yarası almış 44 yaşlı azərbaycanlının meyitini aşkar ediblər.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə idarəsinin mətbuat xidməti faktı təsdiqləyib.
Bildirilib ki, Moskvanın cənub-şərqində tikinti gedən ərazidə qətlə yetirilən Azərbaycan vətəndaşı 1969-cu il təvəllüdlü İsgəndərov Radik Həbib oğludur.
Azərbaycanın Gəncə şəhərində doğulan Radik İsgəndərovun Rusiyada yaşamaq üçün icazə sənədi olduğu bildirilib. Onun Moskva şəhəri Toxorevski bulvar 2/39 ünvanında müvəqqəti qeydiyyatda olduğu məlum olub.
Qətlin təfərrüatlarına gəldikdə, şahidlərin ifadələrinə görə, qatilin qafqazlı olduğu məlum olub. Radik İsgəndərov başından, kürəyindən və qasığından odlu silahla atəş açılaraq qətlə yetirilib.