Balakən Rayon Məhkəməsində törədilən qətllə bağlı bir polis əməkdaşı işdən çıxarılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, Balakən rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanma Təcridxanasının əməkdaşı, polis serjantı Aslan Məmmədov tutduğu vəzifədən kənarlaşdırılıb.
Balakən Rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov APA-ya açıqlamasında A. Məmmədovun cəzalandırıldığını təsdiqləyib: "Aslan Məmmədova intizam tənbehi verilib və o tutduğu vəzifədən azad edilib”.
Qeyd edək ki, məlum hadisə fevralın 4-ü axşam saat 17: 45 radələrində Balakən Rayon Məhkəməsində, məhkəmənin sədri Rafiq Kazımovun otağında baş verib. Hakimin otağında aparılan məhkəmə prosesində təqsirləndirilən Xanpəriyev Məhəmməd İlham oğlu zərərçəkənlərdən biri, 1996-cı il təvəllüdlü Elşən Etibar oğlu Xipiyev tərəfindən bıçaqlanaraq qətlə yetirib.
Hadisə baş verən zaman təqsirləndirilən şəxsə polis serjantı A. Məmmədov nəzarət edirmiş.
Fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. E.Xipiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.