Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan vəkil İntiqam Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyev məhkəmə tərkibinə etirazla bağlı vəsatət verib. Vəsatət baxılmamış saxlanıb.
Daha sonra prosesdə zərərçəkmiş kimi tanınan Gülşən Orucova ifadə verib. Hüquq Maarifçiliyi Cəmiyyətində baş mühasib işlədiyini deyən G. Orucova bacısı Əfsanə Orucovanın adına bank hesabı açıldığını, 2009-2012-ci illərdə oraya 119 min 25 manat pul köçürüldüyünü, həmin pulların isə çıxarılaraq İntiqam Əliyevə verildiyini deyib.
O, bacısının adına əmək haqqı yazılsa da, onun bu pulu almadığını da bildirib.
G. Orucova onu da qeyd edib ki, Hüquq Maarifçiliyi Cəmiyyəti tərəfindən həyata keçirilən layihələrin hamısı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
Daha sonra G. Orucova suallara cavab verib.
Proses martın 3-də davam etdiriləcək.