Abşeronda piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub. Baş Prokurorluğun mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, Abşeron rayonunun hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək tutulub.
Belə ki, fevralın 6-da saat 06:50 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada - 1961-ci il təvvəlüdlü Rzayev Rza Mirzə oğlunu vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.