Gədəbəydə bir neçə gün əvvəl baş verən quldurluq faktının üstü açılıb. Polis quldurluq yolu ilə aptek sahibinin xeyli miqdarda pulunu mənimsəyən şəxsin o qədər də uzaqda yaşamadığını müəyyən edib.
Əfraim Hacıyev, zərərçəkən: "Cavan uşaq idi, təxminən 20 yaşı olardı. Cibimdə 1000 manata yaxın, iki-üç gün ərzində satdığım dərmanların pulu olardı. Huşumu itirmişdim indi özümə gəlmişəm. Ətrafda heç kim yox idi. Qapıdan çölə baxdı, mən də tərpənə bilmirdim. Elə vəziyyətdə idim ki, ona müqavimət göstərə bilmədim”.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, soyuq silahla aptek sahibinə müxtəlif bədən xəsarətləri yetirən şəxs o qədər də uzağa qaça bilməyib. Gədəbəy polisi maskalı şəxsin rayonun Arıqdam kənd sakini, 27 yaşlı Vüqar Məmmədov olduğunu müəyyən edib. Asayiş keşikçiləri Məmmədovu isti izlərlə yaxalayaraq istintaqa təhvil veriblər.
İbrahim Hüseynov, Gədəbəy rayon Polis Şöbəsinin İQ-nun baş müstəntiqi: "1987-ci il təvvəllüdlü Məmmədov Vüqar Vaqif oğlu 7 dekabr tarixində tərəfimizdən saxlanılıb. Onun cinayətdə istifadə etdiyi maska əlcək və soyuq silah maddi sübut kimi götürülüb".
Əvvəllər də oğurluq etdiyi üçün bir neçə dəfə məhkumluq həyatı yaşayan Vüqar Məmmədov törətdiyi hadisədən peşman olduğunu deyir. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra işsizlikdən bezdiyini bildirən Vüqar çıxış yolunu quldurluq etməkdə görüb.
Vüqar Məmmədov: "Məqsədim onu öldürmək olmayıb, sadəcə pul əldə etmək olub. O da istədiyimi əldə edib uzaqlaşdım. Çox peşmanam”.