“Problem ondadır ki, bəzi kateqoriyadan olan vətəndaşlarda məsuliyyət hissi çox aşağıdır”
Məlumata görə, hazırda ölkədə ümumi məhkəmə işlərinin 10-dan ən az 6-sı problemli kreditlərlə bağlıdır. Yenə də kredit borcunu qaytara bilməyən vətəndaşları banklar təzyiq altında saxlayır. Deyirlər ki, nə edirsən et, get pulu gətir. Vətəndaş pulu tapa bilməyəndə isə icra məmurları məhkəməyə təqdimat verirlər ki, həmin vətəndaş inzibati qaydada bir ay müddətinədək həbs olunsun. Həbs müddəti isə adətən 10-15 gün olur. Bu kimi hallar var və təəssüf ki, hələ də davam edir. Əslində isə vətəndaş borcunu verə bilmirsə, bu işə xitam verilməli və borc silinməlidir. Təəssüf ki, bəzən nəinki borclunu, hətta zamini də həbs edirlər. Konstitusiya Məhkəməsinin 2012-ci il qərarına görə, barəsində məhkəmə qərarı olanı o halda məsuliyyətə cəlb etmək olar ki, imkanı var, amma borcunu vermir. Ancaq bu kimi məqamlar nəzərə alınmır. Ötən il Prezident İlham Əliyev problemli kreditlərlə bağlı qərar verdi. Bundan daha çox faydalanan da elə banklar oldu. Ümid edilirdi ki, bankların problemli kreditlərlə bağlı vətəndaşlarla olan məhkəmə işləri əhəmiyyətli dərəcədə azalacaq. Ancaq görünən odur ki, banklar hər fürsətdə vətəndaşları incitməyə çalışır. İstehlak kreditlərinə üstünlük verməklə vətəndaşları şirnikləndirir. Sonra da onları borc bataqlığına çəkirlər və proses məhkəmə müstəvisində davam edir. Bütövlükdə sözügedən problemdən necə qurtulmaq olar?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, belə məhkəmə işlərinə görə təkcə bankları günahlandırmaq obyektiv olmaz: “Bəli, bu problemlərin yaranmasında bankların da günahı az deyil. Necə gəldi kredit veriblər, sonra onun qaytarılmasını nəzərə almayıblar. Nəticədə belə mübahisələr məhkəmə müstəvisinə daşınır. Ona görə də problemli kreditlərin tərkibinə baxmaq lazımdır. Yəni bu problemli kreditlər haradan yaranır. Bütün günahı bankların üzərinə atmaq doğru yanaşma olmaz. Problem ondadır ki, bəzi kateqoriyadan olan vətəndaşlarda məsuliyyət hissi çox aşağıdır. Krediti götürürlər, amma onun qaytarılmasına ciddi yanaşmırlar. Bu da son nəticədə işin məhkəmə müstəvisinə gedib çıxmasına səbəb olur. Eləsi var ki, devalvasiya səbəbindən krediti verə bilməyib. Bununla bağlı ötən il Prezident İlham Əliyevin qərarı var. Hökumət bu məsələdə kifayət qədər lazımi tədbirləri gördü. Reallıq ondan ibarətdir ki, bəzilri kredit götürərkən öz imkanlarını düzgün hesablamır. Elə vətəndaş var ki, kreditlə telefon alır. Sonra həmin telefonu qiymətindən ucuz nağd qiymətə satır. Ancaq buna rəğmən, krediti ödəmir. Belə məsuliyyətsiz vətəndaşlar var və kreditə görə məhkəmə çəkişmələrinin bir hissəsi belə hallardan yaranır. Ona görə də bununla bağlı maarifləndirmə işi gücləndirilməlidir. Bütün hallarda, problemli kreditlərin tərkib hissəsi araşdırılmalıdır”.
Vidadi ORDAHALLI