Məlum olduğu kimi, fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilən VIII iclasında iki ölkə arasında iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğu bir daha vurğulandı.
Bu sahədə gələcək münasibətlərin daha da dərinləşdirilməsi üçün konkret addımlar atıldı. Belə ki, 14 sənəd - memorandum, saziş və protokol imzalandı. Mətbuata bəyanatla çıxış edən hər iki dövlət başçısı bir daha vurğuladı ki, Türkiyə və Azərbaycan öz gələcək işbirliyi, əməkdaşlığı haqqında çox ciddi qərarlar qəbul edib.
Prezident İlham Əliyev hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkətinin fəaliyyət göstərməsini və onların 300-dəın çox layihədə 16 milyard dollarlıq iş gördüklərini diqqətə çatdırdı. Dövlət başçısı onu da bildirdi ki, Azərbaycan da Türkiyə iqtisadiyyatının inkişafında yaxından iştirak edir. İndiyə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub.
Görünən odur ki, Azərbaycan Türkiyədən qat-qat kiçik olmasına baxmayaraq, bu dövlətə daha çox sərmayə qoyub. Türkiyənin iqtisadi imkanlarının daha böyük olduğunu nəzərə alsaq, Azərbaycana qoyduqları 12,5 milyard dollar sərmayə elə də böyük deyil. Arada ciddi dizbalans var. Maraqlıdır, bu nədən irəli gəlir və bu fərqi necə azaltmaq olar?
“Yaxşı olardı ki, qardaş ölkə Azərbaycanın qeyri-neft sektoruna daha çox sərmayə qoysun”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan Türkiyənin enerji sektoruna daha böyük sərmayə qoyub: “Azərbaycan Türkiyə iqtisadiyyatına investisiya qoymaq baxımından ilk beşliyə daxildir. SOCAR Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan şirkətdir. Xüsusən də enerji layihələrinə yönəldilən investisiyaların həcmi Azərbaycanı Türkiyədə aparıcı investorlardan birinə çevirib. Artıq Azərbaycan investor ölkələrdən biridir. Ancaq arada böyük fərqin olduğunu nəzərə alsaq, Türkiyə Azərbaycana yönəlik sərmayələrini artırmalıdır. Eyni zamanda, biz ölkə olaraq çalışmalıyıq ki, Türkiyədən daha çox investisiyanın cəlb olunmasına nail ola bilək. Çünki Türkiyənin özü praktik olaraq böyük investisiya imkanlarına malikdir. Xüsusən də yüngül sənaye və geyim məhsulları istehsalında Türkiyə müqayisəolunmaz üstünlüyə malik ölkələrdən biridir. Yaxşı olardı ki, qardaş ölkə Azərbaycanın qeyri-neft sektoruna daha çox sərmayə qoysun. Bir sözlə, qarşılıqlı investisiya qoyuluşu artmalıdır”.
Vidadi ORDAHALLI