Azərbaycan iqtisadiyyatında müşahidə olunan inkişaf tendensiyası bütün sferalarda özünü göstərir. İstər neft, istərsə də qeyri-neft sektorunda qeydə alınan artımlar bu qənaətə gəlməyə əsas verir. Açıqlanan statistik rəqəmlərə əsasən, son zamanlar banklara yatırılan əmanətlərin həcmi artıb. Məlumat üçün bildirək ki, 2019-cu ilin dekabr ayında Azərbaycanda əmanətlərin ümumi həcmi 24,746 milyard manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,6 faiz çoxdur.
Azərbaycanın Mərkəzi Bankının hesabatına istinadən verdiyi məlumata görə, qeyri-maliyyə təşkilatlarının əmanətlərinin həcmi 2018-ci ilin dekabr ayına nisbətən 16,9 faiz artaraq 14,381 milyard manat olub. Fiziki şəxslərin əmanətlərinin həcminə gəldikdə isə burada da 3 faiz, 8,64 milyard manata qədər artım müşahidə olunur.
2019-cu ilin dekabr ayının nəticələrinə görə, xarici valyutadakı əmanətlər 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 15,09 milyard manat təşkil edib.
Milli valyutadakı əmanətlər də 2018-ci ilin dekabr ayına görə 21,5 faiz artaraq 9,6655 milyard manata çatıb.
Fiziki şəxslərin əmanətlərinin həcminin artmasının ekspertlər gözlənilən olduğunu düşünürlər.
“Manatın məzənnəsi stabil qaldığı üçün milli valyuta ilə yığımlara maraq artıb”
İqtisadçı-ekspert Əli Əlirzayev bildirdi ki, əhalinin gəlirləri artır. Gəlirlər artdıqca, bu, banklarda manatla olan depozitlərin həcminin artmasına öz təsirini göstərir. Digər tərəfdən, banklarda milli valyuta ilə bağlı daha yüksək dividendin təklif olunması buna öz təsirini göstərir. Nəzərə almaq lazımdır ki, milli valyutada qorunan əmanətlər 15 faiz təşkil edir. Xarici valyutada qoyulan əmanətlərdə isə bu rəqəm bir neçə dəfə aşağıdır. Bütün bunlar da, öz növbəsində, əhalini manatla yığımlar etməyə təşviq edir. Onları stimullaşdırır və təşviq edir ki, depozitləri manatla banka qoysunlar: “Manatın məzənnəsi stabil qalıb. Bu amil milli valyuta ilə yığımlara marağın artmasına gətirib çıxarıb. Əvvəlki dövrlərdə dollarla olan əmanətlərin artması manatın devalvasiyası ilə bağlı idi. Manatın məzənnəsi stabilləşdiyi üçün, bu təhlükə arxada qalıb”.
Günel CƏLİLOVA