24/02/2020 11:34
728 x 90

Qeyri-neft ixrac strategiyası nəyi dəyişə biləcək…

Pərviz Heydərov: “Qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sahədə ixracın genişləndirilməsi hökumətin əsas vəzifəsidir”

img

Azərbaycanda uzunmüddətli qeyri-neft ixracı strategiyası hazırlanacaq. Bu barədə Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda qeyd edilib. Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyinə 2020-ci ilin iyul ayınadək uzunmüddətli qeyri-neft ixracı strategiyasının hazırlanması tapşırılıb.

Maraqlıdır, uzunmüddətli qeyri-neft ixracı strategiyası hansı formada və necə hazırlanacaq? Ümumiyyətlə, tədbirlər planına nələr daxil olacaq?

  • “…güzəştli kreditlərin verilməsi, subsidiyalarla bağlı aparılan islahatlar qeyri-neft sektorunun inkişaf etdirilməsinə səbəb olub”

Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sahədə ixracın genişləndirilməsi hökumətin əsas vəzifəsidir. Çünki bu, artıq bir müddətdir dövlətin həyata keçirdiyi iqtisadi kursun və siyasətin qayəsini təşkil edir: “Keçən il qeyri-neft ixracımız 14 faiz artıb. Bu, həqiqətən də çox yaxşı nəticədir. Prezident İlham Əliyev demişkən, bu artımı son illər ərzində özəl sektorun fəaliyyətinə göstərilən diqqət, güzəştli kreditlərin verilməsi, subsidiyalarla bağlı aparılan islahatlar və digər tədbirlər şərtləndirib. Qeyri-neft sektoruna aid məhsullarımız əsasən Rusiyaya ixrac olunur. Ümumiyyətlə, Rusiya bu sahədə ölkəmiz üçün əsas bazardır. Lakin keçən il digər qonşu ölkələrə də qeyri-neft məhsulları ixracında artım baş verib. Məsələn, Türkiyə ilə bizim ticarət dövriyyəmiz keçən il 4 milyard dollara çatıb. İranla 30 faiz artıb. Gürcüstanla da ticarət dövriyyəsi artıb. Bütün bunlarda məhz qeyri-neft sektoruna aid məhsullar mühüm rol oynayıb. Lakin Prezident çıxışında vurğuladı ki, bir çox ölkədə bizim ikitərəfli hökumətlərarası komissiyalarımız fəaliyyət göstərir və bir neçə ölkədə Azərbaycan ticarət evləri yaradılıb. Hökumətlərarası komissiyaların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan məhsullarını o ölkələrə ixrac etmək məqsədilə yerli şirkətlərin xarici ölkələrdə fəaliyyəti, tenderlərdə iştirakı üçün yeni imkanlar araşdırsın, eyni zamanda, bir çox ölkədə bu istiqamətdə kontraktlar da icra etməyimizə kömək etsin. Keçən il İqtisadiyyat Nazirliyi bu sahədə çox iş görüb. Rusiya, Çin və digər ölkələr istiqamətində. Bu il sözügedən fəaliyyət davam etdirilməlidir”.

Günel CƏLİLOVA

Son xəbərlər