05/07/2020 10:00
728 x 90

Uçot dərəcəsi düşürsə, kredit faizləri niyə düşmür - əslində, Prezidentin məntiqi sualı Elman Rüstəmovadır...

Fuad İbrahimov: “Mərkəzi Bankın üzərinə bununla bağlı böyük məsuliyyət düşür”

img

“Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır. Ona görə burada uzlaşma olmalıdır”. Bunu Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı Mərkəzi Bankın sədri Elman Rüstəmova bununla bağlı tapşırıq verib: “İndi siz deyirsiniz ki, banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər. Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Biznes kreditlərinin verilməsində baxın, hansı mexanizm olmalıdır ki, banklar da bunda maraqlı olsunlar. Həm də ki, Mərkəzi Bank da buna nəzarət etsin. Yoxsa, biz bunu başlı-başına buraxa bilmərik. Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir. Ona görə İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məsələləri müzakirə edin.

Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır. Ona görə burada uzlaşma olmalıdır. Bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir. Bank sektorundan heç bir sürpriz olmamalıdır. Bu il onların fəaliyyətinə, kreditlərin verilməsinə çox güclü nəzarət olmalıdır”.

O da məlumdur ki, kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi dövri olaraq zaman-zaman gündəmə gəlir. Hər dəfə sözügedən məsələ gündəmə gəlsə də, banklar buna əməl etmək istəmirlər. Uçot dərəcəsi ilə kredit faizləri arasında bir uyğunsuzluq var. Reallıq ondan ibarətdir ki, banklar, faktiki olaraq, Mərkəzi Bankın bu yöndə atdığı addımları saya salmır. Hansı ki, 2019-cu ildə uçot dərəcəsi 9,75 faizdən 7,5 faizə endirilib. Təkcə 2019-cu ildə MB 8 dəfə uçot dərəcəsini aşağı endirsə də, bu yöndə heç bir irəliləyiş qeydə alınmayıb. Uçot dərəcəsi düşdükcə, kredit faizləri də aşağı düşməlidir. MB buna nəzarəti artırmalıdır.

  • “Yoxsa, bu işi yalnız bankların öhdəsinə buraxmaqla faizlərin aşağı düşməsinə nail olmaq çətin məsələdir

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, illərdir uçot dərəcəsi faizləri ilə kredit faizləri arasında anormal uyğunsuzluq var: “Uçot dərəcəsi aşağı salınsa da, bu, kredit faizlərinin düşməsinə gətirib çıxarmır. Təsadüfi deyil ki, 2019-cu ilin yekunları ilə bağlı keçirilən müşavirədə Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirdi. MB sədri Elman Rüstəmov çıxışında bildirdi ki, ötən il uçot dərəcəsini 7,5 faizə salmaq mümkün olub. Nəzəri baxımdan bu göstərici bank kreditləri faizlərinin də aşağı düşməsinə gətirib çıxarmalıdır. Ancaq bu baş vermir. E.Rüstəmov müşavirədə bu yöndə müəyyən ümidlər verdi. Hətta bəzi kreditlərin faizlərinin aşağı düşəcəyinə işarə etdi. Burada söhbət biznes kreditlərindən gedir. İstənilən halda, institusional yanaşma ilə  uçot dərəcəsinin aşağı düşməsi baş verirsə, o zaman bankların təklif etdiyi kreditlərin faiz dərəcələri aşağı düşməlidir. Ancaq bu sahədə bizdə hələ ki, real irəliləyiş yoxdur. Düşünürəm ki, 2020-ci ildə bu istiqamətdə hansısa irəliləyiş olacaq. Çünki ən yüksək səviyyədə bu narahatlıq ifadə olundu və o səbəbdən hansısa tədbirlər görülməlidir. Ancaq gərək bu işdə Mərkəzi Bank öz nəzarət imkanlarını artırsın. Çünki bu bankın yetərincə səlahiyyətləri var. Maliyyə Bazarlarına Nəzarət Palatası bu işin öhtəsindən gələ bilmədi. Əvvəlki qurumun fəaliyyətində boşluqlar, nöqsanlar var idi. İndi bu səlahiyyətlərin hamısı MB-dədir. Ona görə də MB-nin üzərinə bununla bağlı böyük məsuliyyət düşür və bank konkret işlər görməklə kredit faizlərinin aşağı düşməsinə səy göstərməlidir. Yoxsa, bu işi yalnız bankların öhdəsinə buraxmaqla faizlərin aşağı düşməsinə nail olmaq çətin məsələdir”.

Vidadi ORDAHALLI

Son xəbərlər