Ötən il ərzində həyata keçirilən islahatlar Azərbaycana beynəlxalq miqyasda marağı artıran növbəti mühüm faktorlardan biri sayılır. Məlumdur ki, məhz bu islahatlar nəticəsində ölkədə vətəndaşların rifah halının yüksəlməsi, sosial təminat, əməkhaqları və pensiyaların artımı sahəsində ciddi yeniliklər baş verib. Bir sıra irimiqyaslı strateji regional layihələr reallaşdırılıb.
Eyni zamanda, ötən il ərzində biznes mühitinin əlverişliliyinin artırılması ilə rəqabətədavamlı mühit formalaşdırılıb. İslahatlar hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, xarici ticarət, məhkəmə, dövlət satınalmaları kimi bir çox ayrı-ayrı sahələrdə aparılıb. Ümumilikdə, biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində həyata keçirilən islahat tədbirləri Azərbaycana beynəlxalq marağı daha da artırır. Bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx də xüsusi olaraq vurğulayır. O, Azərbaycanda həyata keçirilən struktur və iqtisadi islahatları yüksək dəyərləndirdiyini bildirir:“Burada islahatlarla bağlı xeylı canlanma görürəm. Odur ki, islahatları iqtisadiyyatı və məhkəmə sistemini təkmilləşdirmək vasitəsi olaraq görən hökumətin bu yanaşmasını yüksək dəyərləndirirəm. Bunlar tərəqqi yolunda müsbət əlamətdir. Azərbaycan sərmayələr üçün daha əlverişli hala gəlir. Bu da bizim üçün çox mühüm məsələdir. ABŞ şirkətlərinin də Azərbaycana sərmayə nöqteyi-nəzərindən baxmalarını istərdik. Bununla yanaşı, kadr dəyişiklikləri də müsbət məqamdır. Ölkə prezidenti və komandası daha gənc, daha qabaqcıl dünyagörüşlü şəxsləri seçir. Azərbaycanda məhz dəyişikliklərin baş verdiyi belə bir dövrdə olmaq çox maraqlıdır”. O, bu şəraitdə Azərbaycana daha çox sərmayə axınını, bunun qeyr-neft sektoruna mühüm təkan verəcəyini də istisna etmir. Eyni yanaşmanı Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da sərgiləyir. Qeyd edir ki, baş verənlər, həyata keçirilən islahatlar Azərbaycanın iqtisadi mövqelərini daha güclü hala gətirir və bu, Rusiyanın da ölkəmizə diqqətinin artmasına rəvac verir.
Səfir bildirir ki, Rusiya Azərbaycanla ticarət həcmini artırmaq və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına dəstək vermək niyyətindədir: “Biz ticarət dövriyyəsini artırmaq istəyirik. Bu səbəbdən müxtəlif inzibati, infrastruktur maneələrini aradan qaldırmağa çalışırıq”. Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycan və Rusiya arasında olan ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edirdisə, 2019-cu ilin nəticələrinə əsasən bu rəqəmin 3 milyarda qədər yüksəldilməsi baş tutub:“Əlbəttə, bu son hədd hansısa şişirdilmiş rəqəm deyil, artıq nəticələr var və qarşıda görüləcək iş çoxdur. İkincisi, iqtisadi münasibətlərimizdə Azərbaycanın qarşıya qoyduğu neft asılılığından uzaqlaşmaq və iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirmək məqsədini tam nəzərə alırıq. Bacardığımız qədər bu hədəfə çatmaqda yardımçı olmağa çalışırıq”. Boçarnikovun vurğuladığı kimi, bununla əlaqədar, qeyri-neft sektorunda konkret layihələrin həyata keçirilməsi istiqamətində məqsədlər qoyulub: “Konkret layihələr haqqında danışsaq, məsələn, 2020-ci ildə Hacıqabulda avtomobil zavodunun istifadəyə veriləcəyinə ümid edirik. Bu layihə “Azərmaş” və “Qruppa QAZ” şirkətlərinin birgə səyləri nəticəsində həyata keçirilir. Söhbət “QAZel”lərdən gedir”. Səfir tezliklə Pirallahıda dərman vasitələri istehsal edəcək müəssisənin tam gücü ilə fəaliyyətə başlayacağına ümidvar olduğunu bildirib:“Eyni zamanda inanırıq ki, 2020-ci ildə vertolyot texniki servis xidməti mərkəzi fəaliyyətə başlayacaq. Bu bizim həyata keçirməli olduğumuz konkret layihələrdir. Bundan əlavə, biz çoxdandır ki, Gəncə Avtomobil Zavodu ilə “KamAZ” və “UAZ” zavodları arasında əməkdaşlıq təşkil edirik, bu avtomobillərin yığılması həyata keçirilir”. Boçarnikov bildirib ki, iki ölkə arasında olan iqtisadi əməkdaşlıq bir çox sahələri əhatə edir: “Kənd təsərrüfatı və neft-qaz maşınqayırması, gəmiqayırma, metallurgiya kimi bir sıra sahələrdə müəssisələrin yaradılması, texnologiya və təcrübənin ötürülməsi barədə danışa bilərik”. Boçarnikov sadaladığı “dəqiq istiqamətlər”in Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının protokollarında öz əksini tapdığını vurğulayıb. Səfir Azərbaycanda islahatların Azərbaycanın beynəıxalq reytinqinə də müsbərt təsir göstərdiyini vurğulayır. Belə vəziyyətdə Azərbaycana xarici sərmayə axınının əhəmiyyətli dərəcədə artması da tamam gözlənilən hal sayılır.
Tahir TAĞIYEV