“Biz vaxtilə idxaldan asılı idik. İndi isə biz özümüzü elektrik enerjisi ilə təmin edirik və ixrac da edirik”. Bunu Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Ölkə başçısının sözlərinə görə, son illər ərzində Azərbaycanda bu sahədə çox böyük işlər görülüb: “Regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildə qəbul edilmiş birinci Dövlət Proqramı çərçivəsində enerji güclərinin yaradılması nəzərdə tutulurdu. Artıq biz buna tam nail olduq. Bu gün bizim təqribən 1000 meqavatlıq əlavə enerji güclərimiz var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialımızı genişləndirir. Keçən il ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar civarında vəsait əldə edib.
Ölkəmizdə əhalinin və sənaye potensialının artımı diktə edir ki, bu sahə daim diqqət mərkəzində olsun. Odur ki, mən Prezident kimi fəaliyyətə başlayanda infrastruktur layihələri arasında, ilk növbədə, məhz bu sahəyə böyük diqqət göstərildi. Mənim göstərişimlə və nəzarətim altında bölgələrdə bir neçə elektrik stansiyası tikilib”.
Prezident onu da qeyd edib ki, ixrac o təqdirdə edilə bilər ki, daxili tələbat tam ödənilsin. Biz indi buna nail ola bilmişik.
Görünən odur ki, aparılan ardıcıl işlər sayəsində Azərbaycan elektrik enerjisi idxalçısından bu məhsulu ixrac edən ölkəyə çevrilib. Ölkəmizin enerji alıcısından onu ixrac edən ölkəyə çevrilməsi Azərbaycanın enerji təhlükəsizliyi üçün nə deməkdir?
“Azərbaycanın üstünlüyü həm də onunla bağlıdır ki, enerji istehsalı üçün...”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bu, ölkənin enerji təhlükəsizliyi baxımından çox mühüm göstəricidir: “Məsələ ondadır ki, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan, Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar çox əhəmiyyətə malikdir. Hətta yüksək inkişaf etmiş ölkələrin də enerji təhlükəsizliyi sahəsində ciddi problemləri mövcuddur. Elə ölkələr var ki, onların, ümumiyyətlə, karbohidrogen resursları yoxdur. Elə ölkələr də var ki, malik olduqları köhnə yataqlar tükənmək üzrədir. Başqa bir məlumata əsasən, dünyada sənaye məhsulları istehsalında 80 faizlik paya malik olan böyük dövlətlər təxminən 20 faizə bərabər enerji ehtiyatlarına malikdirlər. Onu da nəzərə almaq lazımdır ki, dünyada elektrik enerjisinə tələbat hər il artır. Xüsusən sənayenin inkişaf etdiyi ölkələrdə tələbat daha böyükdür. Azərbaycanın üstünlüyü həm də onunla bağlıdır ki, enerji istehsalı üçün lazım olan xammalı idxal hesabına deyil, daxili imkanlar hesabına təmin edir. Bu da əldə edilən elektrik enerjisinin maya dəyərinin ucuz başa gəlməsinə səbəb olur. Bütün bunlar Azərbaycanın enerji təhlükəsizliyinin daha da etibarlı təmin edilməsində böyük rol oynayır”.
Vidadi ORDAHALLI