Azərbaycanda qızıl və gümüş bahalaşıb. Yanvarın 7-də qızılın qiyməti dekabrın 30-u ilə müqayisədə 75,956 manat artaraq 1 unsiya üçün 2650,7675 manat təşkil edib.
Qeyd edək ki, qlobal bazarda qızılın 1 unsiyasının qiyməti 2,3% artaraq 1 588,1 ABŞ dolları təşkil edib ki, bu da 2013-cü ilin aprelin ayından bəri rekord göstərici sayılır. Qiymət artımının səbəbi kimi Yaxın Şərqdə yaşanan gərginliyin artması göstərilir.
Qeyd edək ki, gümüşün də 1 unsiyasının qiyməti ötən ilin sentyabrından öz maksimal qiymət səviyyəsini yeniləyərək 18,5 dollara çatıb.
Yeni il ərəfəsində də, bayramdan sonra da Azərbaycanda qızılın satış qiyməti düşmədi, əksinə, yüksəldi. Bunun səbəbinin nə ilə bağlı olduğunu öyrənmək məqsədilə iqtisadçılara müraciət etdik.
“Bayramöncəsi sahibkarlar bilərəkdən qızılın satış qiymətini qaldırırlar”
İqtisadçı-ekspert Fuad İbrahimli qeyd etdi ki, qızılın qiyməti daha çox dünya bazarındakı qiymətə uyğun olaraq müəyyənləşir: “Ölkəmiz əsəsən dörd ölkədən - Türkiyə, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyadan qızıl idxal edir. Həmin ölkələrdə də qiymət dünya bazarındakı qızılın qiymətinə uyğun olaraq müəyyənləşir. Son bir ildə dünya bazarında qızılın qiymətində 22 faiz artım olub. Bu, son illərin rekord göstəricisidir. Artım qlobal ticarət savaşı ilə bağlıdır. Son altı ayda qızılın qiymətində 17 faiz artım müşahidə olunub. Bu da birbaşa həm qızılın qiymətində əvvəlki dövrlərdəki kəskin artım və bundan ehtiyatlanan investorların bir qisminin qızıl bazarındakı sərmayəsini geri çəkməsi, həm ABŞ-la Çin arasındakı münasibətlərin müəyyən qədər normallaşması, həm də ABŞ-ın Avropa Birliyinə tətbiq edəcəyi yüksək tariflərin yubanması ilə bağlıdır. Bütün baş verənlər birbaşa qızıl bazarına təsir edir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bayramqabağı qiymətlərdə artımlar təkcə Azərbaycanda baş vermir: “Dünyanın bir çox ölkəsində sahibkarlar tərəfindən bayramöncəsi belə addımlar atılır. Bu, bazar münasibətlərində normal haldır. Ancaq bununla yanaşı, makroiqtisadi sabitliyin pozulduğu yerlərdə bəzi monopolist qüvvələr vəziyyətdən istifadə edərək qiymətləri qaldırırlar. Hazırkı vəziyyətdə Azərbaycanda dünyada gedən proseslərdən istifadə olunur. Yəni bazar münasibətlərinə uyğun olaraq sahibkarlar qiymətlərdə müəyyən dəyişikliklər edirlər. Amma bu, iqtisadiyyatı iflicetmə səviyyəsində deyil. Hazırda ölkəmizdə müşahidə olunan makroiqtisadi sabitlik fonunda hər hansı kəskin qiymət artımı proqnozlaşdırılmır”.
Günel CƏLİLOVA