Şadlıq evlərində də POS-terminallar quraşdırılacaq. Yeni tələblərə əməl etməyən fərdi sahibkarları maliyyə sanksiyaları gözləyir. Bu barədə məlumat “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərdə öz əksini tapıb. Qeyd edək ki, dəyişikliklər yanvarın 1-dən etibarən qüvvəyə minir.
Dəyişikliklərə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə: təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3 000 manat məbləğində, üç və daha çox hallarda isə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
POS-terminal quraşdırılmayan şadlıq evlərinin cərimələnməsi ekspertlər tərəfindən də müsbət qiymətləndirilir.
İqtisadçı ekspert Fuad İbrahimli qeyd etdi ki, Vergilər Məcəlləsinə edilən dəyişikliyin məqsədi ölkədə daha şəffaf vergi sistemini qurmaqdır: “Bəllidir ki, bu gün şadlıq evlərinin əksəriyyəti gəlir dövriyyəsini gizlədir. Bu səbəbdən də şadlıq evlərində POS-terminal mütləq quraşdırılmalıdır. Bəzi sahibkarlar bilərəkdən POS-terminaldan istifadə etmirdilər. Hansı obyektdə, şadlıq evində POS-terminal yoxdursa həmin restoranın sahibi sərt şəkildə cəzalandırılmalıdır. Sahibkar cəzaya məhəl qoymarsa, həmin obyektin fəaliyyəti dayandırılmalıdır. Məlumdur ki, bir sıra biznes subyektləri POS-terminalların quraşdırılmasından imtina edir. Çünki POS-terminaldan istifadə biznes üçün gəlirlərin qeydiyyata alınması deməkdir. Bəzi hallarda sahibkarlar nağd pula üstünlük verirlər ki, vergidən yayınsınlar. POS-terminallar nəticə etibarı ilə sahibkarların fəaliyyətinin şəffaflaşmasına və onların vergiyə cəlb edilməsinə zəmin yaradır. Amma çox təəssüf ki, bir sıra sahibkarlar, xüsusən vergi ödəməkdə maraqlı olmayan sahibkarlar POS-terminalların quraşdırılmasında maraqlı deyillər".
Günel CƏLİLOVA