“POS-terminallar quraşdırmayan obyekt sahibi yüksək məbləğdə cərimə olunarsa, bütün sahibkarlar məcbur olub sənədli mal satışı ilə məşğul olacaq”
““Binə” və “Sədərək” ticarət mərkəzlərində nəzarət kassa aparatlarının və POS-terminalların quraşdırılması ilə bağlı heç bir iş görmək mümkün deyil”. Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov media nümayəndələrinə açıqlamasında deyib. S.Ələkbərov onu da qeyd edib ki, həm Vergilər Nazirliyi, həm də Dövlət Gömrük Komitəsi ticarət mərkəzlərindəki dövriyyənin rəsmiləşdirilməsi ilə bağlı xeyli iş görüb və bu gün də görməkdədir: “Ortalıqda sənədsiz, fakturasız mallar mövcuddur. Bununla bağlı sahibkarlar və həmin ticarət mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirilib. Mən inanıram ki, onlar da bu məsələdə maraqlıdırlar. Ancaq qaimə-faktura və uçotun olmaması nəticəsində nəzarət kassa aparatlarının və POS-terminalların quraşdırılması mümkün deyil”. Maraqlıdır, “Binə” və “Sədərək” ticarət mərkəzlərində çalışan sahibkarlar nəzarət kassa aparatlarını nə səbəbdən quraşdırmırlar? Ticarət mərkəzlərində nəzarət kassa taparatlarının və POS-terminalların quraşdırılması üçün nə etmək lazımdır? İqtsadçı ekspert Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ticarət mərkəzlərində kassa aparalarının quraşdırılması üçün qanunun sərtliyi təmin olunmalıdır: “Yalnız bundan sonra sənədsiz mal satışı ilə məşğul olanlar məcbur olub POS-terminallar quraşdıracaqlar. POS-terminallar quraşdırmayan obyekt sahibi yüksək məbləğdə cərimə olunarsa, bütün sahibkarlar məcbur olub sənədli mal satışı ilə məşğul olacaq. Onu da qeyd edim ki, bütün sivil dövlətlər bu qaydanı tətbiq edib. Analoji qayda bizim ölkədə də tətbiq olunmalıdır”
Günel CƏLİLOVA