“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev öz “Facebook” hesabında “Atabank” ASC əmanətçiləri haqqında paylaşım edib. O qeyd edir ki, adıçəkilən bankın əmanətçiləri tərəfindən “Şəffafflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-yə çoxsaylı şikayət daxil olur.
Ə.Nuriyev bildirir ki, əmanətçilər bu bank tərfindən onların depozitlərinin uzun müddətdir qaytarılmamasından şikayətlənirlər. Onun sözlərinə görə, Mərkəzi Bank və digər müvafiq dövlət qurumları tərəfindən indi bu məsələyə müdaxilə edilməli və problemin əmanətçilərin narazılığına gətirib çıxarmasına imkan verilməməlidir.
“…vaxt tamam olmamış, əmanətin geri qaytarılması, ilk növbədə, bank və əmanətçi üçün maliyyə baxımından sərfəli deyil”
“Atabank” ASC əmanətçilərin depozitini nə səbəbdən qaytarmır? Bunu öyrənmək üçün “Atabank”ın Biznesin inkişafı departamentinin direktoru Oruc İbrahimovla əlaqə saxladıq.
O.İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Atabank” ASC-də əmanətlərini yatıran əmanətçilər növbəli şəkildə vəsaitlərini geri götürürlər. Əmanətlərin geri qaytarılmaması söhbətinə gəlincə, O.İbrahimov bunun düzgün xəbər olmadığını dilə gətirdi.
Həmsöhbətimiz onu da əlavə etdi ki, əmanətçilər birillik və ya bir neçə illik öz vəsaitlərini banka depozit kimi qoyurlar: “Bu kimi xəbərlərdən təlaşa düşən əmanətçilər qoyduqları əmanətin qalma müddəti bitməmiş, depoziti geri çəkmək istəyirlər. Lakin həmin şəxslər əmanəti qoyan zaman birillik və ya üçillik qoymaları haqqında sənəd imzalayırlar. Vaxt tamam olmamış, əmanətin geri qaytarılması, ilk növbədə, bank və əmanətçi üçün maliyyə baxımından sərfəli deyil”.
Günel CƏLİLOVA